Dövlət yazıçıya niyə pul verməlidir?
Ötən ay romanımı təqdim etdiyim nəşriyyata dəvət edilmişdim. Naşir əsərin ilk versiyasında elədiyi qeydləri, təklifləri müzakirə etmək üçün çağırmışdı məni. Məlum oldu ki, bu olduqca xoş insan təəssüratı bağışlayan adam bizim regionun mentalitetinə, ənənələrinə, ümumiyyətlə Qafqaz, Asiya, Şərq mədəniyyətinə yaxşı bələd adamdır. Bu başa düşülən idi, çünki indiyə qədər İran, Türkiyə, Çeçenistan və s. kimi ölkələrdən onlarla kitab nəşr edib, müəlliflərlə ünsiyyətdə olub. Söz gəldi, adam mənə bir hadisə danışdı. Şokundan hələ də ayıla bilmədiyim bu söhbəti istəyərdim kitab işi ilə maraqlanan hər kəs oxusun.
Bir neçə il əvvəl Çeçenistandan bir yazıçı bu naşirə bir romanın əlyazmasını (Norveçdə ilkin elektron vairanta da manus, yəni əlyazma deyirlər) göndərir. Çeçen dilində. Norveçdə yaşayan bu yazar çox pis bildiyi norveç dilində email yazır ki, bu əsəri sizə göndərirəm, amma bilmirəm necə oxuyacaqsınız, təxminən filan şeydən bəhs edir.
Naşir təbii ki, çeçen dilində romanı oxuyacaq halda deyil. Normal nəşriyyat belə bir əlyazmanı açmadan zibil qutusuna göndərə bilərdi. Amma naşir çeçen dilini də, norveç dilini də bilən bir adam axtarışına çıxır və Osloda yaşayan bir çeçen yazıçı tapır. Ona əlyazmanı göndərir və xahiş edir ki, qonorar qarşılığında əsəri oxuyub, sinopsisini yazsın və belə bir əsərin nəşrə layiq olub-olmadığına dair rəy versin.
İkinci çeçen yazıçının rəyi belə olur ki, romanı çap etməyə dəyər. Nəşriyyat əsəri əvvəl rus dilinə çevirtdirir, çünki çeçen dilindən ingilis ya norveç dilinə birbaşa tərcümə edə biləcək adam tapılmır. Sonra roman ruscadan norveç dilinə tərcümə edilir. Nəticədə roman çap edilir, nəşriyyat tərcüməçilərin və müəllifin qonorarlarını Norveç standartları ilə ödəyir və romanın reklamını da edib, satmağa başlayır. Bu il eyni metodla eyni müəllifin artıq dördüncü romanı nəşr edilib.
Naşir bütün bunları mənə danışarkən, heyrətdən gözlərim dörd oldu. Çünki ən balaca romanın tərcüməsi buranın standartları ilə 10-15 min avrodur. Müəllifin də qonorarını ikiqat hesablasaq, deməli nəşriyyat bir romanın ərsəyə gəlməsinə kağız, işıq, personal xərclərini hesaba almamaqla artıq 60 min avro pul ödəyib. Bəs, bir kitab bu qədər gəlir gətirə bilirmi?
Bu suala naşirin cavabı bu oldu ki, əlbəttə yox. Təbii, elə əsərlər ola bilir ki, daha çox da gətirər, amma biz kitab buraxanda həmişə riskləri nəzərə alırıq, nəşr etdiyimiz hər 100 kitabdan bəlkə də 3-nə qoyulan xərc özünü doğruldur. Bəs, onda nəşriyyat necə ayaqda qalır? Hardan pul tapıb, bu qədər xərci ödəyir. Cavab belə oldu ki, biz hər kitabın tərcüməsi, müəllifin honorarı üçün dövlətin müxtəlif ədəbiyyat fondlarından, mədəniyyət konsulu deyilən qurumdan dəstək alırıq. Əsər barədə məlumat verir, niyə dərc etmək istədiyimizi əsaslandırırıq, onlar da xərci qarşılayır. Yoxsa, təbii ki, iflas edərik.
Bu söhbətdən sonra uzun müddət özümə gələ bilmədim. Daha doğrusu, demək olar ki, aydınlandım. Bu hadisə “dövlət yazıçını necə dəstəkləməlidir?” sualına o qədər sərrast cavab idi ki, artıq tam başa düşürdüm ki, biz, azərbaycanlı yazarlar olaraq, niyə belə yetimik.
Bizdə kitaba, ədəbiyyata, yazıçıya dövlətin dəstəyi deyiləndə, fərdi təqaüdlər, fəxri adlar, şəxsən yazıçının əlinə verilən (allah bəlamı versin) imkanlar nəzərdə tutulur. Dövlət yazıçını dəstəkləməlidir deyiləndə, bizə elə gəlir ki, dövlət yazıçını kabinetə çağırıb, ona ev, bağ, maşın, təqaüd verməlidir, yazıçı da bunun qarşılığında qələmini süngüyə çevirməlidir. Halbuki, modern ölkələrdə dövlətin kitaba, ədəbiyyata dəstəyi necə də sivildir. Hər şey sistemləşdirilib, hər şey institutlaşdırılıb. Yazıçı ilə dövlətin birbaşa heç bir təması yoxdur. Hətta nəşriyyatın belə, təması yoxdur. Yazıçı nəşriyyatla əlaqə qurur, nəşriyyat mədəniyyət fondları ilə, fondlar dövlətlə.
Bu hal həm ədəbiyyatın ayaqda qalmasına xidmət edir, ölkədə ədəbi proses var gücü ilə hərəkətdə olur, festivallar, ədəbiyyat gecələri keçirilir, kitablar nəşr edilir, həm də yazıçı gedib dövlətdən özünə ev, maşın, unitaz istəmir, kitablarından gələn gəlir imkan verir ki, o layiqli həyat sürsün. Nəticədə dövlət yazıçını həm dəstəkləyir, həm də boynuna minnət qoymur. Yazıçı burda şərti addır, onun yerinə aktyor, rejissor, rəssam, musiqiçi də ola bilərdi, oxşar sistemlər, institutlar bütün mədəniyyət sahələrində var.
Norveç bu il dünyanın ən böyük kitab sərgisi keçirilən Frankfurt kitab sərgisinin qonaq ölkəsidir.