Qarabağ və Ağbağ Urartu dövründə
İlhami Cəfərsoy
AMEA Dilçilik İnstitutu Qədim Dillər və Mədəniyyətlər
şöbəsinin müdiri, filologiya elmlər doktoru
Ümumiləşmiş düşüncəyə görə Qarabağ böyük bağ deməkdir. Qarabağ böyük bağ yox, böyük baqların ölkəsidir. Baqlar Aran mənşəli nəsillərdən biri olub, Araz çayı ilə Urmiya gölü arasında yaşayırdılar. Onlar eradan əvvəl 28-ci əsrdə qoşun yeridib, Nil çayının deltasını tutdular və eradan əvvəl 23-cü əsrə qədər əllərində saxladılar. Misirdə, Fələstində məbədlər tikib, zəngin etnik mədəniyyətlər yaratdılar.
Bibliyada bene-kadem adlandırılan Aran baqları Troyanın süqutundan qabaq Elladanı tutdular. Alinpe adlandırdıqları dağın ətəyində ilk olimpiada yarışlarını keçirdilər (Шопен 1866.s.55, 104, 195; Трачевский 1889.s.58; Вигуру 1897.s.474; İlhami Cəfərsoy 2017.s.3-14, 134-143). Azərbaycandakı Alinpe dağı indi Əlincə adlanır.
Totemik tanrısı Baq olan Aran alpları sonralar Karabaq və Akbaq qollarına ayrıldılar. Xristianlıqdan qabaq Naxçıvanla Van gölü arasında Baq, Baqavan, Baqaran məbədlərini tikdilər. Baq, Karabaq, Akbaq şəhərlərini saldılar. Bir zaman Aralıq dənizinin şərq sahillərini tutduqlarına görə Fələstin onların adı ilə Baqastan adlanırdı (Шопен 1866.s.42).
Eradan əvvəl VIII əsrə aid Urartu qaya yazılarında baqların ölkəsi Baqini, V-VII əsr erməni salnamələrində baqların qalası Baqberd, baqların şəhəri Baqkert adlanır (Хоренский 1893.s.293; Смбат Спарапет 1974.s.10; Пиотровский 1944.s.204; Шопен 1852.s.75; Марр 1901.s.10,19).
Xilafətin orduları Bizansın üzərinə gedəndə böyük baqlar İslam dinini qəbul etdilər və güclənərək Naxçıvan ilə Təbriz arasında üç Qarabağ şəhərini saldılar.
Ağbaqlar xristian olaraq qaldılar və ərəblərə tabe olmayıb Kiçik Qafqazın ətəklərinə çəkildilər. Meşəli dağlar arasında sonralar Xaçın məlikliyi adlanan Ağbaq dövlətini yaratdılar.
Karabaqların Azərbaycanda saldıqları şəhərlər XVII əsrin sonlarına qədər qalırdı. Övliya Çələbi yazır: - Qarabağ Naxçıvan yaxınlığında ayrıca sultanlıq və çox qədim şəhərdir. Şəhərdə 40 min ev var. Biz orada 40 minarə saydıq. Əhali müsəlmandır, şəhərdə erməni yoxdur. Qarabağ şəhəri uca minarələri və gözəl bağları ilə cənnətə bənzəyir (Эвлия Челеби 1983.s.113-114,117).
40 min ailənin hər biri 4 nəfərdən ibarət olubsa, deməli XVII əsrdə üç Qarabağ şəhərinin birində 160 min əhali yaşayırmış. O böyük şəhərin yerində indi Naxçıvan yaxınlığında balaca Qarabağlar kəndi qalmaqdadır.
Baq, Karabaq və Akbaq alpları ərəblərə qədər farslarla, yunanlarla qanlı döyüşlər aparmışdılar. Bulqar türklərinin Buzan nəslindən olan tarixçi Favstos (V əsr) yazır ki, sərkərdə Baq sasanilərin çoxlu əsgərlərini öldürdü. Ancaq son döyüşdə özü də yaraladığı filin altında qalıb öldü (Фавстос Бузанд 1953.s.109).
Yunanların və sasanilərin təzyiqilə Murov və Kəpəz dağlarına sığınan baqlar orada Baqlı, Qarabaqlı qalalarını tikdilər. Sonralar Xaçın məlikliyi adlanan Ağbaq xristian türk dövlətini yaratdılar. Erməni tarixçiləri Ağbaq nəslinin adını H`Axbax, həmin nəsildən olan elm və din xadimlərinin soyadını Axbaxetsi kimi yazmaqla uzun illər diqqətimizi yayındırdılar (Абегян 1975.s.461,464,466; Аракел Даврижеци 1973.s.539; Киракос Гандзакеци 1946.s.135,280) və s. Nizami Gəncəvi xristian salnaməçilərdən fərqli olaraq Ağbaq mahalını Axbax yox, Ağbağ adlandırır. Yazır ki, Xosrov Pərviz Bərdəyə gələndə Məhin banu onu Ağbağa – Kəpəz dağının ətəyindəki şəhərə aparmışdır (Алиев 1960.s.85).
Qəzənfər Əliyev Ağbaq qalasının adını ağ bağ kimi izah edir. Nəzərə almır baq, qarabaq, ağbaq büt adları olub, çox qədim totemik düşüncələrlə bağlıdır (bax: bütlərin şəkilləri və izahları).
Ağbaq sarayında dayələr Eyaçi titulu daşıyırdılar (Абегян 1975.s.466). Eya türk sözü, -çi türk dillərinə aid şəkilçidir. Azərbaycan dilində unudulmaqda olan eyitmək feili vardır. Nənələrimiz buzovu inəyin altına buraxıb deyirdilər ki, qoy eyitsin, yəni əmcəklərinə süd gətirsin. Sağıcılar eyidiləndən sonra inəkləri sağa bilirdilər.
Gəncəkli Kiraka istinadən erməni tarixçiləri yazırlar ki, Xaçın hakimi Həsən Cəlalın atası Vaxtanqın başqa adı H`Axbax olmuşdur (Киракос Гандзакеци 1946.s.135,280). Əslində isə H`Axbax, yəni Ağbaq Həsən Cəlalın atasının nəslinin adı idi.
Həsən Cəlalın babasının, Ağbaqın atasının adı Vaşaq idi. Ermənilər Vaşaq adını Vasak kimi yazmaqla (Абегян 1975.s.466) tədqiqatçıların diqqətini əsil gerçəklikdən yayındırırlar. Türklər öz cəsur alplarını barsa, vaşağa, tonqaya, yəni təkbətək döyüşdə fili öldürə bilən bəbirə (Mahmud Kaşğari) bənzədirdilər.
Həsən Cəlalın anasının adı Arzu xatun olmuşdur. Arzu xatun Kayen vilayətinin hakimi Qurdun qızı idi (Киракос Гандзакеци 1946.s.273). Muxtar Qoç yazır ki, Albaniyanın Kayen tarixi vilayəti indiki Qazax, Axstafa, Dilican rayonları əhatə edirdi (Mxitar Qoş 1993.s.258).
Kayen qayın ağacı deməkdir. Xristianlıqdan öncəki albanların bir qəbiləsi qayın ağacını özünə mifik ana bilirdi.
Dədəmiz Qorqudun kitabında Basat onun hansı boydan olduğunu soruşan Təpəgözə deyir: - Anam adın sorar olsan, qaba ağac. Türklər kimi xristianlıqdan öncəki albanların mifik təsəvvürünə görə alp igidlər anadan olmur, qayın, palıd ağacının koğuşundan çıxırdılar.
Uyğurların törəyiş əfsanəsində deyilir ki, Ağoğlan anadan olanda Ağ Ana – Ağacın koğuşundan çıxan qadın onu əmizdirir, əlinə od, su, dəmir verir (Bahaeddin Ögel 1971.s.55,103). Yakutların inancına görə Ağoğlan insanların ilk atasıdır. Onu qayın ağacı doğmuşdur (Bahaeddin Ögel 1971.s.101-103).
Xocavənd və Laçın rayonlarında Ağoğlan adlı məbədlər var idi. Həmin məbədlər Ağoğlan nəslinin səcdəgahı olmuşdur. Xristianlıq dövründə həmin məbədlərin bünövrəsi üzərində kilsələr tikildi. Ermənilər Qarabağa köçürüləndən sonra o kilsələrinin birini Amaras adlandırdılar. Zelik Yampolski hələ 1954-cü ildə yazırdı ki, Ağoğlan kilsə adları Amarasdan qədimdir.
V-VII əsr salnamələrini tədqiq edərkən görürük ki, Albaniya ilə yanaşı Cənubi Azərbaycanda, Van gölü vadisində bir neçə Ağbaq şəhəri, mahalı, məbədi olmuşdur. Musa Xorenli yazır ki, iki Ağbaq mahalı var. Böyük Ağbaq, Kiçik Ağbaq. Kiçik Ağbaq Kürçaylı mahalında, Böyük Ağbaq Bosfor mahalında yerləşir (Моисей Хоренский 1893.s.292,293). Bosfor mahalındakı Ağbaq Naxçıvan yaxınlığında, Kürçaylı mahalındakı Ağbaq Acariya ilə Türkiyə arasında idi.
Başqa bir Ağbaq şəhəri Dağıstanda Qafqaz dağlarının ətəyində idi (Ибн Хордадбех 1986.s.303). İndi həmin ağbaqlar özlərini Axvax adlandırır və Kür dili ilə Azərbaycan və Avar dillərinin qatışığında danışırlar (Марр 1938.s.439; Магoмедбекова 1967.s.10).
İbn Xordadbeh İdrisiyə istinadən yazır: - Xilafətin sərkərdəsi Buğa Böyük Qafqaz dağlarının ətəyindəki Ağbaq vilayətini tutub, vilayətin batrikini əsir etdi (Ибн Хордадбех 1986.s.303). Ağbaqlar o vaxtdan İslam dinini qəbul edib, Dağıstan xalqları ilə qarışdılar. Hibrid genli və hibrid dilli bir xalqa çevrildilər. İndi onlar Dağıstanın Axvax rayonunda və Azərbaycanın Axvax dərə kəndində yaşayırlar. 1965-ci ildə onların sayı 5 min nəfər idi (Магoмедбекова 1967.s.5).
Van gölü vadisindəki, Kür çayının mənbəyindəki ağbaqlar (Арутюнян 1985.s.171) isə xristian olaraq qaldılar, əsrlər ötdükcə erməniləşdilər. Xristian ağbaqlardan Axbaxetsi Barseğ (-1615) adlı elm və din xadimi çıxmışdır (Аракел Даврижеци 1973.s.539). Barseğ türk sözü olub, barsa bənzər deməkdir.
Qədim türklər ən cəsur, qıvraq, cəld oğlanlarına bars, barseğ adı verirdilər. Bundan başqa Ağbaq nəslindən Axbaxetsi Filipp adlı katolikos çıxmışdır (Аракел Даврижеци 1973.s.603). Katolikos xristianlıqda çox böyük dini tituldur. Bu məlumat onu göstərir ki, Ağbaq nəsli XVI-XVII əsrlərdə xeyli güclü olmuş, iki katolikosun timsalında xristian kilsələrin çoxuna başçılıq etmişdir.
Başqa bir Ağbaq mahalı Cənubi Azərbaycanda Salmas şəhəri yaxınlığında idi. İ.İ.Şopen yazır ki, o qədim mahal indi Albaq adlanır (Шопен 1852.s.82). Eyni zamanda Şərqi Anadoluda başqa bir Ağbaq mahalı və şəhəri olmuşdur (Аракел Даврижеци 1973.s.607). Xüsusilə maraqlıdır ki, Kızıl Orda dövlətinin hakim nəsillərdən biri Akpak adlanırdı (Географическо-статистический словарь т. I.1863.s.16). Akpak qədim Aran panteonunda olduğu kimi Altay türklərinin mifik təxəyyülündə müqəddəs bir ruhun adıdır. A.Anoxin 1920-ci ildə Altay türkləri arasında etnoqrafik bilgilər toplayarkən görmüşdü ki, Altay şamanları öz dualarında Akpak adlı ruhu yad edirlər (Анохин 1924.s.132).
Qədim türklər şamana kam deyirdilər. Bibliyada kam xam, kamların arxasınca gündoğandan günbatana axınlar yapan Yafəs övladları xamıt adlandırılır. Xamitlər eradan əvvəl IV minillikdən başlayaraq Finikiyanı, Misiri tutmuş, Xəzər dənizinin şərqindən Aralıq dənizi hövzəsinə qədər yayılmışdılar. Onlar çox qədim Misir, Şumer mədəniyyətinin yaradıcılardır.
Kamlar baq, karabaq, akbaq adlandırdıqları bütləri özləri ilə Nil vadisinə, Elama apardılar. Sonra fironlarla vuruşa-vuruşa şimala çəkiləndə Araz çayı boyuna, Van gölü vadisinə gətirdilər. Baqavan, Baqaran məbədlərini inşa edərək tapındıqları buğaların qızıl, gümüş, bürünc bütlərini o məbədlərə qoydular.
Kam əsilli Kuş alpları və Aran müdrikləri tanrı Baqı ağ buğa və qara öküz formasında təsəvvür edirdilər. Buynuzları arasında günəşin timsalı olan qızılı rəngli ala buğa göylərin, kotana qoşulan qara buğa yerin, torpağın, bərəkətin timsalı sayılırdı.
Əgər biz Dağlıq Qarabağı Ağbağ adı ilə xəritəmizə qaytara bilsək, beş min illik tariximiz vətənimizin bir guşəsində bərpa etmiş olarıq. Otuz ildən sonra ağ günlərə çıxan yurdumuzu öz adı ilə adlandırarıq.
Kam mənşəli Kuş və Aran nəsilləri qədim Misirin Karnak şəhərində qızılı-ağ buğaya, İliopol şəhərində qara öküzə sitayiş edirdilər. Qızılı-ağ buğanın bütü Aran dilində Ağ Baq, qara buğanın bütü Qara Baq adlanırdı.
Yunanlar həmin totem buğaları apis adlandırırlar. Aran müdrikləri ağ buğanın belindəki yırtıcı quşa aqa, yəni ağa deyirdilər. Biz özümüzün zəngin tariximizi yalnız Azərbaycanda və Anadoluda yox, Misirdə, Elamda, Şumerdə öyrənməliyik. Bizim əcdadlarımız Aralıq dənizi hövzəsinin, cənub-qərbi Avropanın arxaik mədəniyyətinin yaradıcılarıdır.