Operativ Qərargahda brifinq:
Xaricdə koronavirusdan ölən azərbaycanlılar…
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.
Virtualaz.org-un məlumatına görə, brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva iştirak edirlər.
Brifinqdə KİV nümayəndələrini maraqlandıran suallara cavab verilir.
"Azərbaycan dünyada nümunə kimi göstərilir"
Hikmət Hacıyev deyib ki, ölkəmizin yeni növ koronavirusla (COVID-19) mübarizədə bir sıra uğurları var.
O bildirib ki, ölkəmizdə görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir və dünyada nümunə kimi göstərilir..
Xaricdəki azərbaycanlıların ölkəyə gətirilməsi...
H.Hacıyev, Azərbaycanda görülən işlərin tərkib hissəsi kimi, xaricdəki azərbaycanlıların ölkəyə gətirilməsi prosesinin necə həyata keçirilməsindən danışıb.
O deyib ki, vətəndaşların ölkəyə gətirilməsi müəyyən olunmuş qrafik çərçivəsində həyata keçirilir: “Mayın 4-dən yeni yaradılmış "Evə gedirəm" portalı çərçivəsində qeydə alınan vətəndaşlarımız 5 may tarixində təyyarə ilə Moskvadan Azərbaycana gətirilib. 5 mayda 94 Azərbaycan vətəndaşı İrandan gətirilib. 7 mayda İstanbuldan 2 çarter reysi ilə 212 vətəndaş, 8 mayda Daşkənddən 50 vətəndaş, Riqadan 52 nəfər Azərbaycan vətəndaşı gətirilib. 12 mayda Moskadan çarter reysi ilə azərbaycanlı tələbələlər gətirilib. 12 mayda 124 nəfər Minskdən Azərbaycana gətirilib. Mayın 14-də isə Kiyevdən 198 nəfərin təyyarə ilə Azərbaycana gətirilməsi nəzərdə tutulur ”.
Prezidentin köməkçisi qeyd edib ki, Rusiyadan quru sərhəddən 540-dan artıq Azərbaycan vətəndaşı ölkəyə gətirilib: “Gətirilən vətəndaşlar xüsusi karantin zonalarında yerləşdirilir".
Azərbaycan xarici ölkələrə yardım edir
Tədbirdə Azərbaycanın xarici ölkələrə etdiyi yardımlarla bağlı məlumat verilib. H.Hacıyev bildirib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına daha 5 milyon dollar ayırıb. Bu dövr ərzində Çinə, İrana, İtaliyaya, Macarıstana, Özbəkistana, Bosniya və Herseqovinaya, Xorvatiyaya, Qırğızıstana, Pakistana, Moldovaya humanitar yardımlar edilib. Serbiya və Fələstindən Azərbaycana müraciət daxil olub. BMT-nin Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinə yardım vəsaiti veriləcək.
Hazırda 60 ölkədən geri qayıtmaq istəyən azərbaycanlılar var…
Leyla Abdullayeva isə bildirib ki, ölkəyə qayıtmaq üçün ən çox müraciət Rusiya və Türkiyədən daxil olub. Mayın 1-dən indiyədək Xarici İşlər Nazirliyinin qaynar xətlərinə 664 telefon zəngi olub və cavablandırılıb.
L. Abdullayeva əlavə edib ki, vətəndaşlara mümkün qədər olduqları ölkələrdə qalmaq tövsiyə edilib. Çünki səfər zamanı yoluxma riski artır. Eyni zamanda, çoxsaylı təxliyə planları da həyata keçirilib. Təxliyə edilənlər arasında yaşlılar, azyaşlılar, xəstələr üstünlük təşkil edir. Hazırda 60 ölkədə azərbaycanlılar var, onlar geri qayıtmaq üçün müraciət ediblər.
Pandemiya dövründə Azərbaycan vətəndaşları xarici ölkələrə gedə bilərlərmi?
Leyla Abdullayeva onu da əlavə edib ki, Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri ilə bağlı hər hansı məhdudiyyətlər yoxdur. O bildirib ki, pandemiya dövründə, əgər vətəndaşların gedəcəyi ölkələrdə onların qəbul edilməsinə məhdudiyyətlər yoxdursa, həmin vətəndaşların xarici səfəri təmin olunur.
H.Hacıyev məlumat verib ki, xaricdən gətirilən vətəndaşlar 4-5 ulduzlu otellərdə karantinə yerləşdirilir. O qeyd edib ki, məqsəd koronavirusla bağlı yeni ocaqların qarşısının alınmasıdır. Mayın 18-31 tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək. MDB və Avropa İttifaqı ölkələrindən, habelə Avropada yerləşən ölkələrdən Azərbaycana çarter reysi həyata keçiriləcək.
Xaricdə koronavirusdan ölən azərbaycanlılar…
Leyla Abdullayeva onu da bildirib ki, xaricdə yaşayan azərbaycanlılar arasında koronavirusa yoluxanlar olub. Bəzi hallarda isə Azərbaycan vətəndaşı olmayan, amma Azərbaycan əsilli insanlar da var. Onların arasında ölənlər də olub.
O əlavə edib ki, xaricdə vəfat edən Azərbaycan vətəndaşının nəşinin ölkəyə gətirilməsi təmin olunur.
Sərhədlər nə vaxt açılacaq?
Brifinqdə sərhədlərin açılması məsələsinə də münasibət bildirilib. Leyla Abdullayeva bununla bağlı sualı cavablandırarkən deyib ki, mayın 31-dək sərhədlər bağlıdır. Daha sonra sərhədlərin açılıb-açılmayacağı barədə qərar ölkədəki və regiondakı vəziyyət nəzərə alınaraq qəbul ediləcək: "Sərhədlər açılacaqsa, bu, yəqin ki, qonşu ölkələrə şamil olunacaq".
Azərbaycan ABŞ-a etiraz məktubu göndərəcək
L.Abdullayeva NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsinə də münasibət bildirib: "Təəssüflər olsun ki, bəzi hallarda bir çox ölkələrin həyata keçirdikləri layihələrdə beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin təhrif olunmasına rast gəlirik .NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması halından da xəbərimiz var. Biz belə hallarda təmasa keçirik və etirazımızı bildiririk, təhrif olunmuş hallar aradan qaldırılır. Bu halla bağlı ABŞ-dakı səfirliyimiz tərəfindən aidiyyəti etiraz məktubunun göndərilməsi nəzərdə tutulub”.
Və nəhayət, “Kəlbəcər girovları”…
Brifinqdə “Kəlbəcər girovları” Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətilə bağlı sual da səsləndirilib.
H.Hacıyev deyib ki, bu kimi məsələlərin diqqətdə saxlanılması Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə həyata keçirilir.
Prezidentin köməkçisi qeyd edib ki, məhz pandemiya səbəbindən "hamının hamıya" prinsipinin tətbiq edilməsinə çalışılır: "Bu xüsusda danışıqları daha da sıxlaşdırmışıq ki, həmvətənlərimizin dəyişdirilməsinə nail olaq".