Tanınmış vəkil vəfat etdi
Uzun müddət ölkənin tanınmış vəkillərindən olmuş Ramiz Zeynalovun ölüm xəbəri yayılıb.
Modern.az-ın məlumatına görə, xəbəri hüquqşünas Namizəd Səfərov ictimailəşdirib.
O bildirib ki, Ramiz Zeynalov uzun sürən ağır xəstəlikdən sonra avqust ayının 14-də dünyasını dəyişib.
Ramiz Zeynalov vaxtilə özünün “Ramzey” hüquq firmasını təsis etmişdi. Çoxları onu qalmaqallı hüquqşünas hesab edirdi.
“Ramiz Zeynalov həm də, "Terrazini" ləqəbi ilə də, tanınırdı. Bu ləqəblə tanınmasından xoşlanırdı. Ziddiyyətli insan idi. Bir neçə dəfə məhkum da olunmuşdu. Vəkillər Kollegiyasından kənarlaşdırılmışdı. Ağır xəstəliyə yoluxmasının səbəblərindən biri də bu ola bilərdi. Məhkəmələrin icraatında çoxlu şəxsi çəkişmələri də var idi. Xəstəlikdən doğan gücsüzlüyü ilə barışa bilmirdi. Ölümü barəsində qanunsuz qərarlar çıxaran hakimləri onun caynağından xilas etdi. Özünəməxsus, son dərəcə fəal, dalaşqan bir insan idi. Dünyanı vecinə almırdı. Hakimlərə hörmət bəsləmədiyini açıq biruzə verirdi. Hakimiyyət orqanları ilə də bağlılığı var idi. Hakimlər həmişə ondan qorxub, çəkinərdilər. Belə ki, dəfələrlə onun hücumuna məruz qalmışdılar. Pis adam deyildi. O qədər dərin hüquqi biliyə malik olmasa da, ötkəmliyi və döyüşkənliyi ilə tanınırdı. Başa çatdıra bilmədiyi çoxlu işi qaldı”, - N.Səfərov mərhum haqda bildirib.