Zelenski Makrondan üz döndərdi
- Dünya bu fotolardan DANIŞIR...
Ötən gün Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Mario Draqi və Rumıniya Prezidenti Klaus İohannis Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.
Səfər zamanı diqqət çəkən əsas məqam Zelenski və Makronun görüşü olub.
Globall.az modern.az-a istinadla xəbər verir ki, görüş zamanı iki liderin fotoları dünya gündəmində müzakirəyə yol açıb. Belə ki, Zelenski Makron ilə qucaqlaşarkən narazı sima alaraq, üzünü əks tərəfə tutub.
Görünən odur ki, əvvəlki açıqlamaları ilə Ukraynanı qəzəbləndirən Makron geri addım atıb. Hər fürsətdə vasitəçi roluna can atdığını dilə gətirən Makron, “Ukraynanın Rusiya ilə danışıqlar aparmalı olacağını” söyləyib və Kiyevi Prezident Vladimir Putinlə danışıqlara çağırıb.
Daha əvvəl Fransanın rolunu “vasitəçi güc” olaraq xarakterizə edən Makron, “Müharibə bitən gün diplomatik kanallarla çıxış yolu qura bilmək üçün Rusiyanı aşağılamamalıyıq” deyib.
Ciddi reaksiyalara səbəb olan bu açıqlamalardan sonra Makron ritorikasını dəyişib. O, Kiyev səfərindən sonra mediaya açıqlamasında bildirib ki, Ukrayna müharibədə qalib gəlməlidir.
Lakin Makronun bu sözləri deyəsən Zelenskini qane etməyib. Əvvəlki çıxışları ilə Kiyevi qıcıqlandıran Makron dünən Zelenski tərəfindən birmənalı qarşılanmayıb.
İki lider qucaqlaşarkən Zelenskinin itici sifəti obyektivlərdən yayınmayıb. Görüntülər sosial şəbəkələrdə geniş paylaşılaraq, müzakirələrə səbəb olub. Fotolar Zelenskinin Makrondan üz döndərməsi kimi şərh edilib.
Digər tərəfdən, Qərb liderləri birgə bəyanatda Ukraynanın Avropa Birliyinə üzvlüyünə dəstək mesajları verib və Kiyevə təcili olaraq namizədlik statusunun verilməsinin lazım olduğunu diqqətə çatdırıblar.
Almaniya kansleri Olaf Şolts "Ukrayna Avropa ailəsinə aiddir" desə də, İttifaqın üzvü olmaq üçün bütün üzvlük kriteriyalarına cavab verməli olduğunu xatırladıb.
Zelenski isə Rusiyanın davam edən hücumlarını “vahid Avropaya qarşı müharibə” adlandırıb və “birliyin” ən təsirli silah olduğunu qonaqlara çatdırıb. Bundan əlavə, Ukrayna lideri Qərbdən daha çox ağır silahlar tələb etdiyini də təkrarlayıb.
Bir müddət əvvəl Makronun “Rusiyanı alçaltmamalıyıq” sözlərinə cavab verən Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Rusiyanı alçaltmamaq çağırışları yalnız Fransanı və ona çağırış edən digər ölkələri aşağılaya bilər” deyərək Parisə etirazını bildirib.
Onu da bildirək ki, Rusiyanın hərbi uğurlarından sonra Makronun “Putinlə görüş” çağırışı Kiyevi ngeri çəkilməsinə mesaj kimi qiymətləndirilir. Siyasi şərhçilər hesab edirlər ki, Avropa liderlərinin Kiyevə səfərinin əsas mövzularından biri Ukraynaya dəstək nümayişi ilə yanaşı, Zelenskini müharibəni dayandırmq, daha doğrusu, təslim olmağa razı salmaq olub.