“SÜLH SAZİŞİNİN MƏTNİ TAM RAZILAŞDIRILIB”- “İlkin imzalanma ideyası gündəmdədir”
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanla sülh və qarşılıqlı münasibətlərin qurulmasına dair saziş layihəsinin mətni üzərində razılıq əldə olunub və mətn üzrə danışıqlar başa çatıb.
Onun sözlərinə görə, tərəflər artıq "bundan sonrakı mərhələyə necə keçmək" məsələsini müzakirə edirlər. Bu çərçivədə sazişin “ilkin imzalanması” ideyası da gündəmə gətirilib.
“Müzakirə edirik ki, necə irəliləmək olar. İlkin imzalanma məsələsi də gündəmdədir. Bu, hazırda masa üzərində olan və nəzərdən keçirilən variantlardan biridir. Müəyyən şərtlər daxilində bu, reallaşa bilər, bəzi hallarda isə o qədər də real görünmür”, - deyə Paşinyan bildirib.
Baş nazir bu ideyanın hansı tərəfdən gəldiyini dəqiqləşdirməyib və qeyd etməyib ki, əgər mətn razılaşdırılıbsa, o zaman niyə sənəd birbaşa imzalanmır.
Press-fakt