Gürcüstan bu sahədə də lider oldu, Azərbaycan isə... /FOTO
Azərbaycan iqtisadiyyatı ilə Cənubi Qafqazın digər iki ölkəsinin iqtisadiyyatını müqayisə etsək, nəzərəçarpacaq böyüklüyü görə bilərik. Ancaq bu böyüklük bir sıra maliyyə göstəricilərində, o cümlədən kredit qoyuluşunun həcmində müşahidə edilmir. Halbuki illər əvvəl bu göstərici üzrə də lider ölkə idik”.
Bu fikirləri iqtisadçı Samir Əliyev bildirib.
Bank sektorunun 2025-ci ilin birinci yarısı üzrə göstəricilərinin təhlilinə diqqət çəkən iqtisadçı qeyd edib ki, Gürcüstanın bank sektoru son illərdə olduğu kimi, kredit qoyuluşunun həcminə görə regionda liderliyini saxlayır:
“Belə ki, qonşumuzun bankları yola saldığımız yarım il ərzində kredit portfelini 4,3% artıraraq $22,6 milyarddan $24,3 milyarda çatdırmağa nail olub. Portfelin ən çox artımı – 10,3% digər qonşumuz olan Ermənistan banklarına məxsusdur. Bu ölkədə banklar kredit portfelinin həcmini $15,8 milyarddan $18 milyarda artırıblar.
Ən az artım (3,6%) Azərbaycan banklarında olub. Ölkəmizin bankları portfelin həcmini $16.2 milyarddan $16,7 milyarda yüksəldə biliblər. Bununla da kredit portfelinin həcminə görə ölkəmiz sonuncu yerə düşüb.
Hazırda kredit portfelinin bankların ümumi aktivlərində payı Ermənistanda 60%, Gürcüstanda 67,8%, Azərbaycanda 50,2%-dir.
Kredit qoyuluşunun ÜDM-də həcmi isə Gürcüstanda 72%, Ermənistanda 67,9%, Azərbaycanda 22,5% (qeyri-neft sektorunun ÜDM-də payı 37,8%) təşkil edir”.
Nigar HƏSƏNLİ
