ABŞ-dan İrana SARSIDICI ZƏRBƏ - Son 6 ilin ən böyük SANKSİYA DALĞASI!
ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, sanksiyalar İranın ali liderinin müşaviri Əli Şamxaninin oğlu Məhəmməd Şamxani ilə əlaqəli beynəlxalq gəmiçilik şəbəkəsini və onun ətrafında fəaliyyət göstərən onlarla şirkət və fiziki şəxsi hədəfə alır.
Yeni sanksiyalar paketinə 50-dən çox şəxs və şirkət, habelə İran və Rusiya neftini daşıyan 50-dən çox gəmi daxil edilib. Vaşinqton bu şəbəkənin İran rejiminə on milyardlarla dollar gəlir qazandırdığını və Tehranın terrorizmi maliyyələşdirməkdə bu strukturlardan istifadə etdiyini bildirir.
ABŞ Maliyyə Nazirliyi əlavə edib ki, Şamxani ailəsi İran neftinin satışından əldə olunan vəsaitlə xaricdə lüks daşınmaz əmlak alır, müxtəlif ölkələrdə “qara pul”la pasport və vətəndaşlıq əldə edir. Eyni zamanda, beynəlxalq biznes fəaliyyətində İranın izlərini silmək üçün üçüncü ölkələrin bank sistemindən sui-istifadə edilir.
Bu sanksiyalar Vaşinqtonun həm Tehrana qarşı maksimum təzyiq strategiyasını gücləndirdiyini, həm də İran-Rusiya enerji ittifaqının qarşısını almaq niyyətini açıq şəkildə ortaya qoyur.
Analitiklər bu addımı yalnız iqtisadi deyil, geosiyasi meydanda da mühüm bir manevr kimi qiymətləndirir. Qeyd olunur ki, İran daxilində Şamxani ailəsinin adı son dövrlər korrupsiya, elitist sərvət və kölgə biznesləri ilə hallanır. ABŞ-ın onları birbaşa hədəf alması rejim daxilindəki parçalanmanı və elita savaşını da qızışdıra bilər.
Sanksiyalar fonunda İranın cavab addımı və Çin, Rusiya kimi tərəfdaşların mövqeyi növbəti günlərdə diqqət mərkəzində olacaq./musavat.com