Mərkəzi Bank sədrinin yeni 1-ci müavini və müavini kimdir?
- DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Azərbaycan Respublikası Mərkəzi Bankına sədrin birinci müavini və müavini təyin edilməsi haqqında sərəncamlar imzalayıb.
Rəşad Temraz oğlu Orucov Mərkəzi Bankı sədrinin birinci müavini, Əliyar Qəhrəman oğlu Məmmədyarov isə sədrin müavini təyin edilib.
Bu təyinatadək Rəşad Orucov Mərkəzi Bankın İdarə Heyətinin üzvü, baş direktor vəzifəsini tuturdu.
Əliyar Məmmədyarov isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü, Sədrin müşaviri vəzifəsində çalışırdı.
Yeni vəzifəyə təyinat alan hər iki bankirin dosyesini təqdim edirik:
***
Rəşad Temraz oğlu Orucov 1978-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsinə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə fərqlənmə diplomu ilə yiyələnib.
Əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb.
2000-2004-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı vəzifəsində işləyib.
2004-2006-cı illərdə Milli Bankda Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb.
2006-2008-ci illərdə Milli Bankda Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində, 2008-2011-ci illərdə Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib.
2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib.
2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Milli Məclisin 31 may 2022-ci il tarixli, 544-VIQR №-li qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.
***
Əliyar Məmmədyarov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə, 2008-ci ildə isə Böyük Britaniyanın Nottingem Universitetini MBA ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1999-cu ildən 2000-ci ilədək həqiqi hərbi xidmətdə olub.
2001-2004-cü illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin 3 N-li nəzarət şöbəsində iqtisadçı, aparıcı iqtisadçı vəzifələrində işləyib.
2004-2006-cı illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin tərkibində olan Pulların yuyulmasına qarşı fəaliyyət qrupunun rəhbəri vəzifəsində çalışıb.
2006-2007-ci illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib.
2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
2008-2016-cı illərdə Mərkəzi Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini, departament direktoru vəzifələrində işləyib.
2016-cı ilin may ayından Mərkəzi Bank sədrinin müşaviri vəzifəsinə təyin edilib.
2017-ci ilin sentyabr ayından 2019-cu ilin aprel ayınadək Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının sədri vəzifəsində işləyib.
Milli Məclisin 31 may 2022-ci il tarixli, 544-VIQR №-li qərarına əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.