TƏLTİFLƏR, TƏBRİKLƏR və daha nələr var, amma... BÜTÖVLÜKDƏ MƏTBUAT ÖZÜ YOXDUR
Həə, əziz dostlar, yüz əlli yerdən “güllələnmiş” mətbuatın 150 illik yubileyini də birtəhər yola saldınız... yola saldılar... yola saldıq.
Ona görə BİRTƏHƏR Kİ... (öncəki yazımda da qeyd etmişəm!) ortada təltiflər, təbriklər... və daha nələr, nələr var. AMMA və LAKİN (çox az qism istisna!) bütövlükdə MƏTBUAT özü yoxdu.
Mən o mətbuatdan danışıram ki, yalnız ONURĞALI SÖZÜN, AZAD DƏRKİN, AYDIN FİKRİN, İLAHİ PEŞƏKARLIĞın varlığına söykənsin, söykənə bilsin (!)... daha “maraqların” mütəkkəsinə dirsəklənməsin!
... Gəlim, məsələnin digər tərəfinə; 150 illik yubileyin əsas məğzi olan təltiflər də elə mətbuatın hazırkı durumuna “uyğun” hazırlanıb, tərtib edildi, necə deyərlər, sanki boy – buxununa “biçildi”.
... İnsan gərək haqqı çatan mükafatın arzusunda, iddiasında ola (!), insan gərək haqqı çatan mükafatı götürə, qəbul edə(!), haqqı çatan mükafata sevinə (!).
... İndi deyin görək, ilin – günün bu çağında bir bu qədər təltif olunan əliqələmlinin, dili sözlünün neçəsi Tanrının vicdanının gözlərinin içinə dik baxıb (!),.. Şirməmməd Hüseynovun qəbrinə and içib (!),.. Həsən Bəyin məzarının üstünə əlini qoyub (!),.. büsbütün varlığı ilə deyə bilər ki (!), BU MÜKAFAT MƏNİM MƏTBUATDAKI ƏMƏYİMİN, İSTEDADIMIN HALAL HAQQIDIR! Neçəsi deyə bilər?! Təbii ki, az qism istisna olmaqla(!) HEÇ BİRİ!
... Sanki təqdimat siyahılarına bir çoxlarının adını qiymətləndirmək (sevindirmək) üçün yox, utandırmaq üçün salırlar. Bəli, haqqı kəsilənlərin yanında utandırmaq üçün!
... Zaman – zaman mətbuatı dar ağacına aparanlar, sonra da o dar ağacının kölgəsində “dincələ” bildi... Bəlkə də elə(!) “dincəlmək” üçün mətbuatı dar ağacına apardı.
... Fikirlərimin bu məqamında məsələn, götürək, jurnalist Aydın Canıyevi.
ƏVVƏLA ONU DEYİM Kİ, mən misal üçün, Aydın Canıyevin adını çəkirəm... VƏ Aydın Canıyevin adını ona görə çəkmirəm ki, guya, onun qələmində yoğurduğu bütün məhsulları qəbul edirəm. YOX, ƏSLA! Məsələn, ədəbiyyat adına Əlisəmid Kürdən YAZAN adam(!), yazan QƏLƏM (!), sonra gəlib Baba Vəziroğludan yazmamalıdır. Aydın Canıyevin özü də bu uğursuz mahiyyətin gözəl fərqindədir. AMMA və LAKİN (!) bu bir başqa mövzudur... VƏ bu kimi mövcud faktlar Aydın Canıyevin jurnalistikadakı İSTEDADını və ƏMƏYini zərrə qədər də olsun kölgədə saxlaya bilməz!
ANCAQ TƏƏSSÜFLƏR OLSUN Kİ (!) gözəlim məmləkətdə hazırlanan təqdimat siyahıları DEMƏK OLAR Kİ, bütün dövrlərdə və bütövlükdə (!) zaman – zaman AYDIN CANIYEVLƏRin İSTEDADına, ƏMƏYinə kürək çevirdi... çevirə bildi. AYDIN CANIYEVLƏRin qələminin, həmin istedadının kölgəsində belə nəfəs ala bilməyənlərə... zaman – zaman “nəfəs” verildi... verilir... (hələ bəlkə də!) uzun illər “nəfəs” veriləcək.
... VƏ YENƏ TƏKRAR EDİRƏM, indi deyin görək, ilin – günün bu çağında bir bu qədər təltif olunan əliqələmlinin, dili sözlünün neçəsi Tanrının vicdanının gözlərinin içinə dik baxıb (!),.. Şirməmməd Hüseynovun qəbrinə and içib (!),.. Həsən Bəyin məzarının üstünə əlini qoyub (!),.. büsbütün varlığı ilə deyə bilər ki (!), BU MÜKAFAT MƏNİM MƏTBUATDAKI ƏMƏYİMİN, İSTEDADIMIN HALAL HAQQIDIR!
Neçəsi deyə bilər?!
Emil Rasimoğlu