Ukraynalıların böyük əksəriyyəti buna “yox” deyir - SORĞU

Ukrayna vətəndaşlarının dörddə üçündən çoxu - 76%-i Ukraynanın kapitulyasiyasına bərabər olan Rusiyanın “sülh planı”nın qəbulu ilə qəti şəkildə razılaşmır.
Bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun 23 iyul - 4 avqust 2025-ci il tarixlərində keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.
Beləliklə, ukraynalıların 76%-i Rusiyanın “sülh planı”nı qəti şəkildə rədd etsə də, bu, may ayındakı göstəricidən 6 faiz aşağıdır. May ayında ukraynalıların 82%-i Rusiya planını rədd edirdi.
Eyni zamanda Rusiyanın tələbləri ilə razılaşa biləcək ukraynalıların da sayı artıb. İyulda bu göstərici 17% olduğu halda, may ayında 10% olub.
Sosioloqların qeyd etdiyi kimi, Rusiya Federasiyasının şərti planında Ukrayna ordusunun və silahlarının sayının əhəmiyyətli dərəcədə azaldılması, NATO-ya üzv olmaqdan imtina, işğal olunmuş ərazilərin Rusiyanın bir hissəsi kimi tanınması və onlardan imtina edilməsi, o cümlədən Xerson və Zaporojye şəhərlərinin Rusiyaya verilməsi nəzərdə tutulur.