DÜNYA TİBB TARİXİNDƏ PEYVƏNDLƏR VƏ ONA QARŞI ÇIXANLAR
Tarixdə peyvənd əleyhdarları həmişə olub. Belə hal ilk dəfə 1796-cı ildə Londonda çiçək xəstəliyinin geniş yayılması və Edvard Jennerin bu xəstəliyə qarşı peyvənd kəşf etməsi ilə müşahidə olunub. Edvard Jenner peyvəndi icad etməklə tibbdə elmi inqilab edib və müasir immunologiyanın əsasını qoyub.
Peyvənddən sonra epidemiya sönməyə başlayıb və ölümlərin qarşısı alınıb. Lakin tez bir zamanda ilk peyvəndə qarşı çıxanlar olub və peyvənd “zəhərli bir ağac” kimi təsvir edilib. Eyni zamanda, vaksinlənənlər tərəfindən dinin ləğv olunacağı deyilib, qollardakı peyvənd işarəsinin isə “Şeytanın nişanəsi” olduğu bildirilib (1800 illər).
Sonra peyvənd əleyhdarları 1885-ci ildə Dr. Eric Pasteri günahlandırdılar. Çünki həmin illərdə “quduz peyvəndi” almaq üçün ABŞ-dan Fransaya gələnlər var idi. Onu xəstəliyi yayıb, peyvəndi satmaqda günahlandırdılar.
Hətta bu gün də ABŞ-da fəaliyyət göstərən heyvan hüquqları dərnəyi mövcuddur. Əsas arqumentləri də heyvanların peyvəndlər üçün təcrübələrdə istifadə olunması məsələsidir. Bugünkü əleyhdarlar isə “heyvanlarda test olunmadan niyə bizə vurursunuz?”, - deyə etiraz edirlər.
Peyvənd əleyhdarları 1920-ci illərdə vərəm (1921), difteriya (1923), tetanoz (1926), göy öskürək (1926), poliomiyelit (1952),
1970-ci illərdə isə “difteriya-qöy öskürək-tetanoz” üçlü peyvəndinə inanmırdılar. Natamam peyvənd səbəbi ilə mini epidemiya və ölüm meydana gəlməyə başlayanda, mətbuatda anti-peyvənd kampaniyaları daha da artırdı.
1974-cü ildə onlar tərəfindən ABŞ-da dərhal bir qrup – “The Association of Parents of Vaccine Damaged Children (#APVDC)” yaradılmışdı.
Məhkəməyə bir məqalə ilə şikayət verildi ki, peyvənd zərər verdiyinə görə dayandırılsın. Əlbəttə, verilən məlumatların məhkəmə tərəfindən qərəzli və səhv olduğu sübut edildi. Nəticədə bu qeyri-hökumət təşkilatının fəaliyyəti tez bir zamanda dayandırıldı. 1998-ci ildə isə İngiltərədə Dr. Andrev Vakefield səhnəyə çıxdı və “qızılca-qulaqdibi-məxmərək” üçlü peyvəndi ilə mübarizə elan etdi. O,“üçlü peyvənd otizm yaradır”, - deyə elmi məqalələrin dərcinə başladı.
Lakin sonradan bundan nə məqsəd güddüyü məlum oldu. Belə ki, o, sən demə, özünün lisenziya üçün müraciət etdiyi təkli peyvəndinin satışını artırmaq üçün mübarizə aparırmış. Nəticədə tibbi (həkimlik) lisenziyası London məhkəmələri tərəfindən əlindən alındı. İngiltərəni məhz bu səbəbdən tərk etməli oldu.
Bu kimi şayiələr nəticəsində sonrakı illərdə Afrika qitəsində yoluxucu xəstəliklərdən ölüm halları iki dəfə artdı.
Nümunələri artırmaq imkanı olsa da, bununla kifayətlənmək ehtiyacı hiss edirəm. Çünki hamısı bizə tanış görünür və əfsuslar olsun ki, dünyada
buna bənzər tendensiyalar geniş şəkildə davam edib, edir və edəcək.
Bütün bunlar baş verərkən, bu ritorikaya inanaraq tarixdə peyvənd olunmayan milyonlarla insan fərqli yoluxucu xəstəliklərdən həyatını itirdi və ya ömürlük əlil qaldı.
Amma başqa bir həqiqət də odur ki, indi heç kim bu peyvənd əleyhinə canfəşanlıq edən insanları fərdi olaraq xatırlamır. Çünkü onlar küyə gedən kütlənin təsiri ilə keçici olaraq tanınıb, sonra da qısa zamanda yaddan çıxanlardır. Elə deyilmi?
Ancaq Jenner, Pasteur, Hellemen, Uğur Şahin və Özlem Türeci kimilər heç vaxt unudulmur və unudulmayacaq! Çünki son 200 il ərzində tibb elmi və alimlərinin sayəsində ortalama insan ömrü 35 ildən 80 ilə yüksəldi.
(Yazı millət vəkili Rəşad Mahmudovun "facebook" səhifəsindən götürülüb)