ÖLKƏDƏ BU ƏRZAQ MƏHSULLARININ QİYMƏTİ KƏSKİN BAHALAŞIB - İqtisadçı səbəbləri açıqladı
2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin sentyabr ayına nisbətən 105,7 faiz təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Qeyd olunur ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə indeks 107,9 faiz, qeyri-qida məhsulları üzrə 102,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 105,3 faiz olub. 2025-ci ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,1 faiz, yanvar–sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil edib. Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə indeks əvvəlki aya nisbətən 101,8 faiz, yanvar–sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,7 faiz olub.
Sentyabr ayında ən çox bahalaşma mal və qoyun ətinin, balıq və balıq məhsullarının, yumurta, xama, kəsmik, kərə yağı, armud, şaftalı, qoz, fındıq, ağ kələm, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, yerkökü, sarımsaq, kartof, qara və yaşıl çayda müşahidə olunub. Əsas ucuzlaşma isə limon, banan, alma, üzüm və soğan üzrə qeydə alınıb. Digər qida məhsullarının qiymətində ciddi dəyişiklik olmayıb.
Qeyri-qida məhsulları üzrə indeks isə əvvəlki aya nisbətən 100,5 faiz, yanvar–sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil edib. Sentyabr ayında mebel, avtomobil ehtiyat hissələri, şəxsi gigiyena məmulatları, dəftərxana ləvazimatları və zərgərlik məmulatları bahalaşıb, yay geyimləri isə ucuzlaşıb. Digər məhsullarda ciddi dəyişiklik müşahidə edilməyib.
Əhaliyə göstərilmiş ödənişli xidmətlər isə üzrə indeks əvvəlki aya nisbətən 100,6 faiz, yanvar–sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,8 faiz təşkil edib. Sentyabr ayında ən çox bahalaşma ali, orta ixtisas və ödənişli məktəbəqədər təhsil müəssisələri, xarici dil və abituriyent hazırlığı kursları, mənzillərin kirayəsi və bərbərxana xidmətlərində, ucuzlaşma isə beynəlxalq hava nəqliyyatı ilə sərnişindaşıma xidmətlərində olub. Digər xidmətlərdə ciddi dəyişiklik qeydə alınmayıb.
Bu barədə iqtisadçı Xalid Kərimli bildirib ki, son bir ildə ərzaq qiymətlərinin qeyri-ərzaq malları və ödənişli xidmətlərlə müqayisədə daha çox artmasının əsas səbəbi ölkədaxili amillərlə bağlıdır.
Onun sözlərinə görə, Ümumdünya Ərzaq Təşkilatının statistikasına baxdıqda görmək olur ki, bəzi komponentlər üzrə qiymətlər artsa da, digərləri üzrə azalma müşahidə edilir yəni, ciddi qlobal qiymət artımı yoxdur.

İqtisadçı qeyd edib ki, ötən il ölkədə dizel və benzin yanacağının qiymətinin artırılması, həmçinin bu ilin yanvarından etibarən işıq və qaz tariflərinin yüksəldilməsi daxili qiymət artımına təsir edən mühüm amillərdəndir:“Bundan əlavə, ötən il əməkhaqları təxminən 10 faiz, bu il isə 9–10 faiz civarında artırılıb. Minimal əməkhaqqı da təxminən 15 faiz yüksəlib. Ölkədə formalaşan inflyasiya mühitindən ən çox zərər görən sahə məhz ərzaq sektorudur. Çünki ərzaq sektoru enerji qiymətlərinin, daşınma və istehsal xərclərinin artmasından daha çox təsirlənir. İkinci əsas səbəb ərzaqların böyük hissəsinin idxal olunmasıdır. Hətta yerli istehsal olunan ərzaqların da bir çox inqrediyent və komponentləri xaricdən gətirilir. Məsələn, bu gün quşçuluq məhsullarının 75 faizi yerli istehsaldır, lakin quşların bəslənməsi üçün istifadə edilən yemin 60–70 faizi idxal olunur. Həm yem, həm də dərman vasitələri xaricdən gətirilir. Yəni, ölkədə istehsal olunan məhsulların da əhəmiyyətli hissəsi xaricdən asılıdır”.
X. Kərimli qeyd edir ki, bununla yanaşı, idxal qiymətlərində təxminən 25 faizlik artım müşahidə olunur:“Bəziləri sual edə bilər ki, əgər ərzaq qiymətləri çox artmayıbsa, idxal qiymətləri niyə bahalaşıb? Bunun səbəbi həm daşınma xərclərinin artması, həm də manatın dəyərdən düşməsidir. Hazırda inflyasiyanın əsas səbəblərindən biri də manatın dəyər itirməsidir. Rəsmi məzənnə baxımından manat dollar qarşısında 1.70 səviyyəsində qalsa da, reallıqda vəziyyət fərqlidir. Ərzaqların əsasən idxal olunduğu ölkələrin valyutalarına – xüsusən avro və rubl qarşısında dollar ucuzlaşıb. Dollar ucuzlaşdıqda manat da dəyər itirir, bahalaşdıqda isə digər valyutalara nisbətən manatda bahalaşma baş verir. Bu da nəticə etibarilə inflyasiyanın artmasına təsir göstərir”.
E. Bəyməmmədli