Qohumla evlənmək üçün... övlad valideyndən imtina edə bilər?
Azərbaycanda qohumlar arasında nikahların bağlanması qanunla qadağan edilib.
Buna baxmayaraq, bəzi hallarda valideynlərin övladdan imtina etməsi və rəsmi qohumluq əlaqələrinin ləğv olunması, qanuni boşluqlardan istifadə etməklə belə nikahların reallaşmasına cəhd edənlər olur. Bəs valideynin övladdan imtina etməsi hansı hallarda mümkündür?Belə addım atan şəxs hansı məsuliyyət daşıyır?
Mövzu ilə bağlı açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, valideynlərin övladdan imtina etməsi ilə bağlanan nikahlar qanunsuz əməllər nəticəsində baş verə bilər:
“Qohum evlilikləri ləğv edildikdən sonra buna şərait yaratmaq üçün müxtəlif üsullardan istifadə edilməsi ilə bağlı məlumatlar var. Bu məlumatların həqiqi olduğunu fərz etsək, belə qanunsuz əməllər nəticəsində baş verə bilər. Belə ki, qanunvericilik birbaşa və qəti olaraq qohum nikahlarını ləğv edib. Qeyd olunan məlumatlara əsasən, guya müəyyən şəxslər soyadlarının dəyişdirilməsi və digər üsullarla bu qohum nikahlarının rəsmiləşdirilməsinə nail olmağa çalışırlar.
Məlumatlardan birində qeyd olunur ki, valideynlər öz övladlarından imtina edirlər və bunun nəticəsində nikahın rəsmiləşdirilməsi mümkün olur. Amma qanunvericilikdə birbaşa olaraq valideynin övladdan, övladın isə valideyndən hüquqi imtina etməsi nəzərdə tutulmayəb və bu mümkün deyil. Bu, yalnız mənəvi baxımdan mümkündür”.
Onun sözlərinə görə, imtina ilə bağlı qanunvericilikdə belə hal nəzərdə tutulmayıb:
“Sosial şəbəkələrdə də görürük ki, valideynlər övladlarının hərəkətlərinə görə dövlət, qanun və cəmiyyət qarşısında məsuliyyət daşımadıqlarını izah etmək üçün ictimai şəkildə elan edirlər:
“Biz övladımızdan imtina edirik”. Və ya övlad qeyd edir: “Valideyndən imtina edirəm”. Bu, yalnız mənəvi hisslər çərçivəsində mümkündür, qanunvericilikdə belə hal nəzərdə tutulmayıb”.Hüquqşünas qeyd edib ki, bu istiqamətdə geniş araşdırmalar aparılmalıdır:
“Düşünürəm ki, müvafiq orqanlar bu istiqamətdə müəyyən araşdırmalara başlamalıdırlar. Müəyyən şəxslər qanunu əks etdirən qaydaları aşaraq qadağaları aradan qaldırmaq istəyirlər. Bu, qohum nikahlarının rəsmiləşdirilməsinə nail olmaq məqsədilə həyata keçirilir. Bu istiqamətdə geniş və ətraflı sorğular keçirilməli, araşdırmalar aparılmalıdır.
Soyadların dəyişdirilməsində, qeydiyyatların aparılmasında iştirak edən müvafiq orqanlar bu məsələlərə daha ciddi yanaşmalıdırlar. Niyətin nədən ibarət olduğunu mütləq şəkildə araşdırmalı və yalnız bundan sonra qanunun verdiyi imkanlar çərçivəsində addımlar atılmalıdır”.
Press-fakt