Türkiyə ilə İsrail arasında "buzlar əriyir" –
“Bu, Azərbaycanın da xeyrinə olacaq"
Təxminən on illik fasilədən sonra Türkiyə və İsrail arasında yaxınlaşma müşahidə olunur. Xatırladaq ki, 2010-cu il mayın 31-də Türkiyədən Qəzza bölgəzinə yardım aparan “Mavi Marmara” adlı yardım gəmiləri donanmasına İsrail ordusunun hücum etməsi iki ölkənin münasibətlərini çətin vəziyyətə salmışdı. Bu hadisədən sonra diplomatik əlaqələr məhdudlaşdırılıb, səfirlər geri çağırılıb, siyasi dialoq minimum səviyyəyə endirilib.
Amma son aylarda Ankara-Təl-Əviv əlaqələrində yenidən istiləşmə müşahidə olunur. Mayın 24-də 10 illik fasilədən sonra İsrailin milli aviaşirkəti “El Al” İstanbula ilk səfərini həyata keçirib. İki həftə əvvəl isə Aralıq dənizi sahili ölkələrinin Türkiyə əleyhinə birgə bəyanatına İsrail imza atmayıb. Müşahidəçilərə görə, bu, Türkiyə ilə yaxınlaşma ilə əlaqədardır.
Xatırladaq ki, Misir, Liviya və Aralıq dənizində Türkiyənin hərəkətlərinə qarşı çıxmaq üçün Yunanıstan, Kipr, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Fransanı özündə birləşdirən anti-Türkiyə ittifaqı yaradıb. Mayın 11-də bu ölkələrin xarici işlər nazirlərinin virtual görüşü zamanı ittifaq elan olunub.
Görüşdən qısa müddət sonra açıqlanan ortaq bəyanatda beştərəfli birliyin Türkiyənin Aralıq dənizində “qanunsuz” qazma işləri aparmasına, Kiprin ərazi sularında Ankaranın hərəkətlərinə diqqət yetiriləcəyi bildirilib.
Alyansın bəyanatında Türkiyənin Liviyadakı hərəkətləri, o cümlədən Tripolidə yerləşən Liviya Milli Birlik Hökuməti (MBH) arasında 2019-cu ilin noyabr ayında imzalanmış Aralıq dənizində sərhədlərin müəyyənləşdirilməsi, təhlükəsizlik və hərbi əməkdaşlıqla bağlı anlaşma memorandumu da tənqid olunub. Türkiyə əleyhinə ittifaq, həmçinin Liviyada davam edən müharibəni və Türkiyənin MBH-yə verdiyi dəstəyi pisləyib, Türkiyəni Suriyadan Liviyaya xarici döyüşçü ixracını dayandırmağa çağırıb.
İsrailin Aralıq dənizi ölkəsi kimi Türkiyə ilə dərin konfliktdə olmasına rəğmən Ankara əlehinə koalisiyaya qoşulmaması mühüm jest sayıla bilər. Ehtimal etmək olar ki, Təl-Əvivin bu vacib jesti Ankarada da nəzərdən keçiriləcək.
Sirr deyil ki, ötən müddətdə Türkiyə-İsrail əlaqələrinin pisləşməsi regional siyasətə təsiri ilə yanaşı Azərbaycan üçün də çətin sınaq olub. Çünki Azərbaycan Türkiyə ilə dost-qardaş ölkə olmaqla yanaşı, İsraillə də yaxın əlaqələrə malik ölkələrdən biridir. İndi isə bu həssas mərhələ arxada qalır.
Politoloq Elxan Şahinoğlu "AzPolitika.info"-ya şərhində bildirib ki, Türkiyə - İsrail münasibətləri gərgin olduğu dövrdə belə iqtisadi əlaqələrə ara verilməmişdi.
Amma ekspert bir qədər pessimistdir, düşünmür ki, ticari - iqtisadi əlaqələrin davam etdirilməsi siyasi münasibətlərdəki gərginliyi tam aradan qaldıra bilər: "Xüsusən, Türkiyə Fələstin məsələsində sərt mövqeyində qalır, Ərdoğan münaqişənin həlli ilə bağlı Trampın hazırladığı plana qarşı da çıxdı. Buna baxmayaraq, iqtisadi münasibətlər davam edəcək, pandemiya aradan qalxdıqca turistlərin də qarşılıqlı gedib-gəlişi bərpa olunacaq".
E.Şahinoğlu bu yaxınlaşmanın Azərbaycana mümkün təsirlərini şərh edərkən bildirib ki, Bakı Türkiyə ilə İsrail arasında dostluq münasibətlərinin bərpa olunmasında maraqlıdır: "Çünki Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir, İsraillə də yaxşı tərəfdaşlıq münasibətlərinə malikdir. İsrailə Türkiyə üzərindən keçən Bakı-Tiflis - Ceyhan xətti ilə neft satırıq, müasir silahlar alırıq. Bir faktı da xüsusi ilə qeyd etmək lazımdır ki, İsrail neftə olan tələbatının 40 fazini bizim neftimiz hesabına ödəyir. Ona görə də bu iki ölkənin münasibətlərinin yaxşılaşması Azərbaycanın da xeyrinə olacaq".