Gəncədə qardaş bacısını instaqrama girdiyinə görə qətlə yetirib - TƏFƏRRÜAT - YENİLƏNDİ
Prokurorluq Gəncədə qardaşın bacısını qətlə yetirməsi barədə məlumat yayıb.
Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, noyabrın 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdizadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdizadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdizadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
10:00
Gəncədə baş verən qətlin bəzi təfərrütları məlum olub
Qardaş bacısını instaqramdan istifadə etdiyi üçün bıçaqlayıb.
O, bacısının boğazını kəsərək qətlə yetirib.
Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir./APA
***
Gəncədə bacısını qətlə yetirən qardaş saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan daxil olan sorğuya cavab olaraq bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.