Nazirliklər və universitetlər Qarabağa köçürülür? - AÇIQLAMA
“Bakıda tıxacların yaranması, xüsusilə qış aylarında vəziyyətin daha da gərginləşməsi, əlbəttə, hər kəsi düşündürür. Bunun obyektiv və subyektiv səbəbləri var. Bakıda əhalinin sayının çox olması, son vaxtlar məskunlaşmada yol verilən problemlər, 1 milyondan çox əhalinin müəyyən hissəsinin Bakıda yerləşməsi, ali məktəblərin, nazirliklərin, idarə və müəssisələrin çoxluğu tıxacların yaranmasına əsas səbəbdir. Digər tərəfdən, əvvəllər şəhərin mərkəzində şəhərsalmanın tələbləri pozularaq çoxmərtəbəli binalar tikilməsidir. Bu da sıxlıq yaradır. Dövlətin, hökumətin müəyyən proqramları var. Bu barədə dəfələrlə məsələ qaldırılıb. Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq şəhərin mərkəzində çoxmərtəbəli binaların tikilməsinə artıq icazə verilmir. Bir çox nazirliklərin nisbətən mərkəzdən uzaqlaşdırılması istiqamətində işlər gedir. Təkliflər var ki, işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur layihələri həyata keçiriləndən sonra müəyyən ali mətkəblər, idarə və müəssisələr Qarabağa köçürülsün. Qarabağ Universitetinin Xankəndidə fəaliyyəti ilə bağlı Sərəncam imzalanması buna nümunədir. Görülən tədbirlər gələcəkdə sıxlığın aradan qaldırılmasına imkan verəcək”.
Globall.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
“Qarabağa köç sürətlə davam edir. Zəngilana, Laçına, Füzuliyə insanlarımız köçürülür. 2024-cü ilin sonuna qədər 140 mindən artıq insanın Qarabağa köçürülməsi planlaşdırılıb. Bu, Bakıdakı tıxacın, sıxlığın aradan qaldırılmasına müəyyən qədər kömək edəcək. Əlbəttə, insanlar daha əlverişli, sağlam mühitdə yaşamaq arzusundadırlar. Əvvəlki illərdən fərqli olaraq indi rayonlara, kənd yerlərinə insan axını xeyli sürətlənib. Belə də olmalıdır. Çünki şəhərdə kənd təsərrüfatı məhsullarının qiyməti artıb, qış aylarında imkansızlıq yaranır. Hökumətlə bərabər hər kəs bu barədə ciddi fikirləşməlidir. Elə insan var ki, heç bir işi-gücü yoxdur, ancaq şəhərdə yaşamağa üstünlük verir, ailəsini də götürüb şəhərə gəlir. Halbuki şəhərdə də onun üçün heç bir imkan yoxdur. Belə insanların sayı on minlərlədir. Bu gün rayonlarda kənd təsərrüfatı inkişaf etdirilir. Çox insanın pay torpaqları var. Digər tərəfdən əkinçilik, maldarlıq və başqa sahələrlə də məşğul ola bilərlər”, - deputat bildirib.