Kremldən Azərbaycana və Ermənistana NATO xəbərdarlığı - “Əslində, regionu alovlandıran Rusiyadır”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 30-da keçirdiyi ənənəvi brifinqdə NATO-nun Cənubi Qafqazda möhkəmlənməyə çalışdığını bildirib.
Zaxarova qeyd edib ki, Şimali Atlantika Alyansının əsas məqsədi region ölkələrinin resurslarını Qərbin maraqları üçün istifadə etmək və Rusiya ilə geosiyasi rəqabət fonunda Cənubi Qafqazı zəiflətməkdir.
“Onlara bərabər hüquqlu münasibətlər lazım deyil. Onlar resursları almaq, ölkələri bir-birinə qarşı qoymaq, bölgəni alovlandırmaq istəyirlər. Ümid edirik ki, region ölkələri, Ermənistan və Azərbaycan NATO ilə əməkdaşlığın risklərini anlayacaq”, – deyə Zaxarova vurğulayıb.
Politoloq Elxan Şahinoğlu isə Zaxarovanın bu fikirlərinə münasibət bildirərək, əslində, regionu zəiflətmək və münaqişələrdən bəhrələnmək istəyən tərəfin NATO deyil, məhz Rusiya olduğunu deyib.
O bildirib ki, Zaxarovanın cümlələrində “NATO” əvəzinə “Rusiya” yazılsa, daha məntiqli olar.
“Kreml hər zaman bölgə ölkələrinin bir-birilə münaqişədə olmasından faydalanmağa çalışıb. Regionu alovlandırmaq istəyən NATO deyil, məhz Rusiyadır”, – deyə politoloq qeyd edib.
Şahinoğlu diqqətə çatdırıb ki, Zaxarova NATO deyərkən konkret təşkilatı, yəni Brüsseldə yerləşən qərargahı, yoxsa təşkilata üzv dövlətləri nəzərdə tutur, bu da sual doğurur.
Press-fakt