“Novruz” sözünə görə atama töhmət vermişdilər - Nəriman Qasımoğlu
Şərqşünas alim, ilahiyatçı Nəriman Qasımoğlu atası - şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Qasım Qasımzadənin 1960-cı illərin əvvəllərində üzləşdiyi bir hadisəni ictimailəşdirib.
Söhbət Qasım Qasımzadəyə "Novruz" sözünə görə verilən partiya töhmətindən gedir.
Globall.az lNəriman Qasımoğlunun xatirəsini təqdim edir:
“Sovet dövründə Azərbaycanın rəhbərlərindən olmuş işıqlı simalardan biri də Vəli Axundov idi. O, Azərbaycan KP MK-nın 1-ci katibi olanda Qasım Qasımzadə “Ədəbiyyat” qəzetinin baş redaktoru işləyirdi.
Ötən əsrin 60-cı ilində bir dəfə Qasım Qasımzadə qəzetdə “Novruz” başlıqlı məqalə verdirir. Buna görə onu danlamaq üçün MK-ya çağırırlar və ideoloji şöbənin müdiri nəzərinə çatdırır ki, həmin yazının qəzetdə dərci ona partiya töhməti ilə başa gələcək. Qasım Qasımzadə səbəbini soruşur, müdir bayramın məzmununda dini məqamların olduğunu qeyd edir və sovet hökumətinin mövhumata, dinə qarşı olduğunu bildirir. Qasım müəllim etiraz edir ki, Novruz dini bayram deyil, milli bayramdır. Onu dostcasına danlayan məmuru da ərklə suala tutur “bəs sən yeni ili keçirəndə evində yolka bəzəmirsən, bəs bunun xristian dini ilə heç bir əlaqəsi yoxdur?”. Məmur deyir, “özün bil, partbiletinlə cavab verərsən”.
Qasım Qasımzadəyə partiya töhmətini verirlər. Bir müddətdən sonra da vəzifəsindən gedir.
Yeri gəlmişkən, Qasım müəllimdən həmin məmurun kimliyini soruşmuşdum. Demə, o, “Novruz”a görə sonradan xalqımızın yaddaşına qəhrəman kimi yazılmış şəxs imiş, 50-ci illərin sonunda millətçiliklə damğalanıbmış, yəni başı belə məsələlərdə çox çəkibmiş. Ruhu şad olsun, xatirəsi əzizdir. (Söhbət Şıxəli Qurbanovdan gedir-red.)
…Həmin hadisədən bir müddət ötür. Qasım müəllim Vəli Axundovun qəbuluna gedir ki, işlərində maneçilik törədən həmin o töhməti sildirsin. Ölkə rəhbəri onu hörmətlə qəbul edir. Respublikanın işlərindən söhbət salır, xeyli danışırlar. Və söhbətin şirin yerində Vəli Axundov birdən qayıdır “xahiş edirəm, düzünü deyin, yazıçı dostlarınız mənim çıxışlarım barədə nə fikirdədirlər”. Qasım müəllim deyir “çıxışlarınızda rus xalqına minnətdarlıq dolu ifadələri həddindən artıq işlədirsiniz, yeganə xoşa gəlməyən budur, qalan məsələlər problem deyil”. Vəli Axundov “sizdən təvəqqem budur ki, dostlarınıza çatdırasınız, bunu deməsəm, yaxud az desəm, Moskva ilə problemlərimiz yaranar, büdcəmizi azaldarlar, çox mətləbləri yoluna qoymaqda çətinliklərimiz olar” deyir. Qasım müəllim ölkə başçısının bu sözlərini anlaşıqla qarşılayır...
Vəli Axundov handan-hana soruşur “bəs nə məsələdən ötrü gəlmişdiniz?”. Qasım müəllim aldığı töhmətin hələ də üstündə qaldığını bildirir. Vəli Axundov “boş şeydir, silərik gedər, əsas məsələ sənin vicdanla xalqına xidmət etməyindir” deyir. Mehribancasına ayrılırlar...”.