Avropadan Ukraynaya xəyanət! -
Brüssel təmsilçiləri Krım konfransına qatılır
Avropa Birliyi (AB) və onun bir neçə üzvü blokun qaydalarını pozaraq Rusiyanın ilhaq etdiyi Krımın de-fakto hakimiyyəti ilə ünsiyyət qura, regiondakı vəziyyətlə bağlı Moskvanın dəstəklədiyi videokonfransa qatıla bilər.
AB üzvü ölkələrindən iki diplomat “Azadlıq” radiosuna deyib ki, blokun 27 üzvündən 19-dan müxtəlif səviyyəli təmsilçilər, eləcə də AB-nin BMT-dəki nümayəndə heyəti mayın 21-də keçirilən tədbirə qatılmağı planlaşdırırlar. “Aria” adlı videokonfransda Krımdakı vəziyyət müzakirə olunacaq.
Xatırladaq ki, Moskva 2014-cü ilin martında Ukraynanın Krım vilayətinə hərbçilərini göndərməklə oranı tutub, sonradan keçirdiyi referendumu isə azı 100 ölkə qanunsuz sayıb. Rusiya Ukraynanın şərqində 13 mindən çox insanın ölümünə səbəb olmuş münaqişədə separatçıları dəstəkləyir.
Bu ilhaqa cavab olaraq Avropa Birliyi bütün diplomatları üçün sərt qaydalar hazırlayıb, Krımın statusu, yaxud de-fakto ilhaqını tanımağı hədəfləyən hər hansı tədbirdə, istənilən səviyyədə iştirakı qadağan edib.
BMT-nin tez-tez keçirdiyi “Aria” toplantılarında qurum üzvləri beynəlxalq təhlükəsizlik məsələləri haqda məlumat əldə edir.
Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya iclasda açılış və bağlanışçıxışı edəcək, Rusiyanın ilhaqının tərəfdarları isə təqdimatlar edəcəklər.
Çıxışçılar Krım müftisinin müavini Əsədullah Bağırov, yarımadanın Ukrayna icmasının başçısı Anastasya Gridçina, Krımın “Millet” televiziyasının direktor müavini Ervin Musaev və“Krım” telekanalının aparıcısı Aleksandr Makardır.Planda Krımdakı real vəziyyətlə bağlı orada yaşayanların bilgi verəcəyi vurğulanır. Tədbirə həm AB, həm də Almaniyanın təmsilçiləri qatılacaq. Belçika və Fransa da iştirak edəcəklərini deyiblər.
Yalnız Bolqarıstan, Finlandiya, Niderland, Polşa, Rumıniya və üç Baltik ölkəsi iştirakdan imtina edib.
Radionun əlaqə saxladığı bəzi rəsmilər AB diplomatlarının iştirakının sözügedən qaydalara zərbə vuracağından, bundan təbliğat məqsədilə istifadə oluna biləcəyindən narahatlıq bildiriblər. AB-dən şərh almaq mümkün olmayıb.
Ukraynanın BMT-dəki səfiri Sergey Ksliyak AB üzvlərinin iştirakını şərh etməsə də, iştirakçıların “yeni bir şey eşitməyəcəyini” söyləyib: “Rusiyalılar və onların oyunçuları‘Krım xalqının Rusiyaya könüllü birləşməsi’ haqda daha bir təbliğat eşidəcəklər, beynəlxalq ictimaiyyəti isə təməl həqiqətləri bir daha vurğulayacaq: Krım yarımadası müvəqqəti işğal olunub; Rusiya işğalçı dövlətdir; işğalçı dövlət insan haqları pozuntularını dayandırmalıdır”.