Reinteqrasiyada son sürət - 22 gündə nələr baş verdi?
Lokal xarakterli antiterror tədbirləri ilə torpaqlarımızda separatizmi məhv etdikdən, ərazi bütövlüyümüzü təmin etdikdən, separatçıları qolu qandallı şəkildə Bakıya gətirdikdən sonra baş verən prorseslər bunu deməyə əsas verir ki, Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesinə artıq başlanılıb və bu istiqamətdə ilkin addımlar atılıb.
Globall.az Milli.az-a istinadən bildirir ki, proseslərin başlanğıcı kimi ilk növbədə Xankəndinin elektrik enerjisi Azərbaycanın elektrik enerjisinə qoşulub. Xankəndi şəhərində tibbi xidmətin təşkili ilə bağlı da tədbirlər görülüb. Belə ki, ambulator xidmət göstərən poliklinika artıq fəaliyyətə başlayıb, ixtisaslaşdırılmış tibbi heyət, o cümlədən müxtəlif tibb mütəxəssisləri, 7 ambulans və təcili tibbi yardım briqadası xidməti fəaliyyətini icra edir.Poliklinikada ilkin cərrahi, kardioloji və terapevtik xidmətlərin göstərilməsi mümkündür. Məsələn, oktyabrın 2-də Xankəndi şəhərindəki poliklinikada tibb personalı tərəfindən ilk erməni sakini Vladimir Maytarçana zəruri tibbi xidmət göstərilib.
Bugün Xankəndidə ermənilər üçün sığınacaq yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan sığınacaq 30 nəfərlikdir və həssas əhali qruplarından olan şəxslər üçün nəzərdə tutulub. Bu məqsədlə Xankəndinin mərkəzində 30 çarpayılıq yataq otaqları, su, elektrik sistemi, mətbəxi, sanitar qovşağı, istirahət otağı və camaşırxanası olan üçmərtəbəli bina ayrılıb. Binada təmizlik və müvafiq təchizat işləri yekunlaşıb və 10 oktyabr 2023-cü il tarixdən sığınacağa sakinlərin qəbuluna başlanıb. Onlar burada gündə 3 dəfə isti yemək və qəlyanaltı ilə təmin olunurlar. Sığınacağın xarici təhlükəsizliyi polis tərəfindən təmin edilir.
Artıq Xankəndidə telekanallarımız yayımlanır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən aparılan monitorinqlər nəticəsində Şuşa Radio-Televiziya Yayım Stansiyası vasitəsilə Azərbaycanın yeddi radio və doqquz televiziya proqramının Xankəndi də daxil olmaqla, Qarabağ bölgəsinin bir çox ərazisində qəbulu müşahidə olunub. Eləcə də, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Xankəndi şəhərində operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurularaq istifadəyə verilib.
Erməni sakinlərin də reinteqrasiya prosesinə can atdığı görülür. Bugünədək 100-ə yaxın sakinin bu məqsədlə müraciəti də bunu təsdiqləyir. Belə ki, reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün fiziki olaraq yerində 13 nəfər, bu məqsədlə yaradılmış xüsusi portal reintegration.gov.az vasitəsilə elektron qaydada 2 nəfər olmaqla, ümumilikdə 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Sakinlərin hər birinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib. Müraciət edənlər Ermənistan vətəndaşlığından çıxaraq Azərbaycan dövlətinin himayəsindən istifadə etmək istədiklərini çatdırıblar.
Bütün bu tarixi addımlar sübut edir ki, reinteqrasiya prosesi sürətlə həyata keçirilir. Azərbaycan dediyinin edir və daim sözünün arxasındadır. Eləcə də, bu proseslər dünyaya təqdim olunan "etnik təmizləmə" kimi iddiaların tamamilə yalan olduğunu isbatlayır.