Kadırov 36-cı medalını aldı - Onların arasında görün hansı medallar var?
Çeçenistan rəhbəri Ramzan Kadırov “Rusiyada fermer hərəkatının inkişafına töhfəyə görə” birinci dərəcəli medalı ilə təltif edilib.
Kadırov bu mükafatını öz “Telegram” kanalında nümayiş etdirib.
Mükafatı Qroznıda keçirilən mərasimdə Rusiya Dövlət Dumasının Aqrar Məsələlər Komitəsi sədrinin birinci müavini, Rusiya Kəndli (Fermer) Təsərrüfatları və Kənd Təsərrüfatı Kooperativləri Assosiasiyasının (AKKOR) prezidenti Vladimir Plotnikov təqdim edib. Kadırov həm də 2021-ci ildə “Əməkdar fermer” adına layiq görülüb.
Bu, Rusiyanın Ukraynaya təcavüzündən sonra Çeçenistan liderinin aldığı 36-cı medaldır. Avqustun əvvəlində onun mükafatlarının sayı 31-ə çatmışdı. Bununla belə, o vaxtdan Kadırov “Məktəblilərin rəqəmsal savadlılığının artırılmasındakı xidmətlərinə görə” mükafat, “Vedensk bələdiyyə dairəsi qarşısında xidmətlərinə görə” medalı, Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzinin “Sünnənin müdafiəçisi” ordeni, həmçinin iki dəfə Çeçenistan Respublikasının Qəhrəmanı adına layiq görülüb. İkinci “qəhrəman” adı ona oktyabrın 5-də ad günü münasibətilə verilib…
Müharibə başlayandan bəri Kadırovun kolleksiyasına Kurçatov İnstitutunun ordeni (may 2022), Rusiya Baş Memarlar Şurasının “Kentavr” döş nişanı (iyun 2024); 2024-cü ilin oktyabr ayında bir-birinin ardınca iki gün ərzində aldığı “Aqrar-sənaye kompleksinin əməkdar işçisi” və “təcili yardım əlaçısı” adları daxildir. Həmçinin, ona iki dövlət ordeni — Aleksandr Nevski ordeni və 2-ci dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordeni verilib.
Eləcə də Kadırova Ukraynadakı qondarma işğalçı administrasiyalar üç medal veriblər – qondarma “lnr”-in “Dostluq” ordeni, “lnr Qəhrəmanı” medalı və “Mariupolun azad edilməsinə görə” medalı.