Rəsul Quliyev: "Qələbənin əsas memarları Azərbaycan xalqı, ordu və Ali Baş Komandan İlham Əliyevin parlaq müharibə siyasətidir"
"2020-2023-cü illər Azərbaycanın şərəf tarixidir! Mən 10 il bundan öncə Qarabağ faciəsi adlı kitab yazmışam. Bu kitabı yazmamışdan öncə regionun tarixi ilə əlaqədar 1000 səhifələrlə tarixi sənədlərlə tanış olmuşam. Bu regionun ermənilərlə əlaqədar tarixi çox gəncdir. 19-20 əsrlərdə ermənilərin Rus imperiyası tərəfindən İran, Türkiyə və Suriyadan rüşvət və müxtəlif yalançı vədlərlə Azərbaycanın torpaqlarına köçürülməsinə başlanılır. Faktiki olaraq Qarabağdan başqa indiki Ermənistanın bütün ərazilərindən azərbaycanlıların məcburi köçürülməsi 1806-cı ildən başlayaraq demək olar ki, 200 il davam edib. Nəticədə milyonlarla azərbaycanlı min illərlə yaşadıqları torpaqları tərk etməyə məcbur edilib. 18-ci əsrdə dünyanın “ağası”olan Böyük Britaniya Avropada Osmanlı imperiyasını zəiflətmək üçün cəmi 70 il tarixi olan Rusiyanı İranla müharibəyə sövq edib. Osmanlı imperiyasını Avropadan ayırıb İran və Rusiya imperiyalarına qarşı yönəltmək istəyib. Nəticədə 1804-1806-cı illərdə Qarabağ xanı İbrahim Xan rus generalı ilə müqavilə bağlayıb müstəqilliyini faktiki qurban verdi. 2 il sonra isə dostu ruslar onu öldürdülər… 1812 -1813 və 1828-1829-cu illərdə Böyük Britaniyanın tutduğu plana uyğun olaraq ruslar Araz çayına qədər Azərbaycan torpaqlarını işğal etdilər. Hətta Təbrizə qədər gedib çıxdılar. Ancaq Böyük Britaniya onları Arazın bu tərəfinə keçməyə məcbur etdi. Rusların erməniləri kütləvi şəkildə Azərbaycana köçürməsi də məhz bu hadisələrdən sonra intensivləşdi".
Globall.az Pravda.az-a istinadən bildirir ki, bunu Azərbaycan Milli Məclisinin sabiq spikeri, Gələcək Azərbaycan Partiyasının lideri Rəsul Quliyev bildirib.
"Sonrakı dövrlərdə ermənilər daha da azğınlaşdı. 1918-1920-ci illər ərzində indiki Ermənistan adlandırılan, qədim Azərbaycan şəhəri İrəvandan və Zəngəzur torpaqlarından azərbaycanlılar didərgin salındılar. Bakıda Erməni hökuməti yaradıldı. Məhz qardaş Türkiyənin sayəsində Bakımız azad edildi. Hesab edirəm ki, Azərbaycan xalqı həmişə Türkiyəyə minnətdar olmalıdır. Həyasızlaşmış ermənilər 1923-cü ildə Xankəndini adını dəyişib Azərbaycan xalqına qarşı soyqırımı təşkil etmiş Şaumyanın adını qoydular. 1960-1964-cü illərdə Mikoyanın başçılıq etdiyi ermənilər Naxçıvan və Dağlıq Qarabağın ermənistana verilməsi şousunu düzəltdilər. Naxçıvanı Qars müqaviləsi xilas etdi. Bizim kənddən ermənistana getmiş ermənilər qayıdıb “bu gün sabah buralar Ermənistanın olacaq” deyə həyasızcasına danışırdılar. Biz uşaqların əlindən o gələnləri daşa tutmaq gəlirdi və bunu da edirdik. Ən sonda xalqımıza qarşı erməni təcavüzü 1987-ci ildən başladı. Qorbaçovun ətrafında olan Şahnazaryanlar, Yakovlevlər Qorbaçovu bu işi görməyə məcbur edirdilər. Həmin dövrdə Heydər Əliyev siyasi büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini idi. Bu məsələyə Siyasi büroda baxılmalı idi. Heç şübhəsiz ki, Heydər Əliyevin iştirak etdiyi Siyasi büroda bu işi görmək asan olmayacaqdı. Məhz buna görə də ilk növbədə onu işdən və siyasi bürodan azad etmək planlarını işə saldılar. Ancaq siyasi yolla bu məsələni həll edə bilmədilər. Siyasi büroda olan Liqaçov və Rijkov bunun əleyhinə idi. Məsələ uzandı. Ancaq ermənilər faktiki azərbaycanlıların hamısını bir nəfər kimi Ermənistandan deportasiya etməyə nail oldular. Azərbaycanın o vaxtkı yaramaz rəhbərliyi, başda Vəzirov olmaqla azərbycanlıların ov tüfənglərini əllərindən alanda Dağlıq Qarabağdakı canilər silahlanırdı. Bir sözlə, 1993-cü ilin ortalarına qədər demək olar ki, bütün Qarabağ ermənilər tərəfindən işğal olundu. Azərbaycanda heç kim - o cümlədən mən bu torpaqların 2020-2023-cü illərdə bütövlüklə azad ediləcəyinə inanmırdıq. Məhz Prezident İlham Əliyevin məharətli təşkilatçılıq, sərkərdəlik, diplomatik keyfiyyətləri 44 gün ərzində bütün parlaqlığı ilə özünü göstərmiş oldu. Azərbaycan ordusunun belə yüksək səviyyədə hazırlanması, peşəkar ordu quruculuğu, sözün əsl mənasında, möcüzədir. Elə bir möcüzə ki, bunu yalnız və yalnız vətənini, millətini və xalqını sevən rəhbər edə bilərdi… İsrailin bu müharibədə Azərbaycanın yanında dayanacağına heç kim inanmazdı. Həmçinin hər zaman ermənipərəst siyasət aparmış Rusiyanın. Bu, siyasi istedad, bacarıq tələb edirdi… Buna necə nail olunduğunu bəlkə də 10 ildən sonra Prezident açıqlayacaq. Eyni zamanda qardaş Türkiyə Cümhuriyyətinin NATO önündə öhdəlikləri ola-ola F-16 qırıcı təyyarələrinin Azərbaycana gətirməsi, dronlarla ordumuzu təmin etməsi, Azərbaycan əsgərini NATO standartlarına uyğun hazırlaması misilsiz əməkdaşlıq nümunəsidir. Tariximizdə birinci dəfədir, Xankəndi öz adını bərpa edib, son 100 ildə birinci dəfədir ki, Azərbaycanın igid əsgərləri qələbə paradını Xankəndidə keçirəcək və Müzəffər Ali baş Komandan bu paradı qəbul edəcək… Bu qələbə Azərbaycan tarixində əbədi yerini tutacaq. Heç şübhəsiz ki, aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycanı dəstəkləməyin rolu böyük olsa da, qələbənin əsas memarları Azərbaycan xalqı, onun əsgər-zabitləri, generalları və Ali Baş Komandanının parlaq müharibə siyasətidir. Azərbaycan xalqı bu qələbəni heç vaxt unutmayacaq… Zəfərimiz mübarək!" - R.Quliyev qeyd edib.