Partiya sədri: “Zeynəb Xanlarova Azərbaycan mədəniyyətinin simvoludur”
Zeynəb Xanlarova ilə bağlı aparılan müzakirələr tam yersizdir. Təbii ki, onu bəyənənlər olduğu kimi, bəyənməyənlərin də olması normal haldır. Amma heç kim unutmamalıdır ki, Zeynəb Xanlarova Azərbaycan mədəniyyətinin simvoludur.
Globall.az Pravda.az-a istinadən bildirir ki, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.
A.Şakiroğlunun sözlərinə görə, ötən illər ərzində onun mədəniyyət sahəsindəki zirvəsinə bir çox tanınmış sima yaxınlaşmaq istəsə də, buna nail ola bilməyib: “Bu ötən illər ərzində Zeynəb Xanlarovanın qardaş Türkiyədə sevilməsi, eyni zamanda dünyanın 15 ölkəsinin xalq artisti adına layiq görülməsi onun necə bir mədəniyyət zirvəsinə yüksəldiyinin göstəricisidir. Təəssüflər olsun ki, biz xalq olaraq şəxsiyyətlərimizi, ictimai, mədəni, tarixi və siyasi xadimlərimizi itirdikdən sonra onların yoxluğunu hiss edərək məyus olur və dəyər verməyə başlayırıq… Bu düşüncədən çıxmaq və insanlarımıza sağlığında dəyər verməyi bacarmalıyıq! Öz vətəndaşını daşlayan toplumun gələcəyi heç bir zaman parlaq ola bilməz… Bu gün 88 yaşında olan bir ağbirçək xanımı yersiz olaraq hədəf seçmək çox asandır. Unutmayın ki, Zeynəb Xanlarova faktiki olaraq ABŞ-da yaşayır. Və bu ahıl yaşında, nə qədər əziyyətli və yorucu olsa da, minlərlə kilometr məsafəni qət edərək hər il ölkəsinə gəlir və yeni ili xalqı ilə dövlət televiziyasında qarşılayır… Yeni il və Həmrəylik günündə xalqı ilə həmrəy olur! Bəzi soydaşlarımızın belə həssas, bayram günündə bir xanımı hədəf seçməsi hesab edirəm ki, ayıb hərəkətdir. Olmaz! Bizə yaraşmaz! Gəlin mədəniyyətimizin simvollarına sayğı ilə yanaşaq və hamılıqla sahib çıxaq…