Avropa Oyunlarından çırpışdırdığı pullarla şirkət qurub, xaricdə mülklər alıb? -
Baş prokurora müraciət olunub
Azərbaycan Prezidenti İlham Əliyev sahibkarlığın inkişafına hər zaman xüsusi diqqət yetirib. Elə bunun nəticəsidir ki, sahibkarlara dövlət tərəfindən güzəştli keditlər ayrılır, qanunsuz müdaxilə hallarının aradan qaldırılması üçün qanunvericiliklə yoxlamalar məhdudlaşdırılır, sahibkarların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Ancaq bəzən hüquqları pozulan bəzi sahibkarların hüquqlarının bərpasına bəzi qurumların, vəzifəli şəxslərin laqeyd yanaşması hallarına da rast gəlinir.
Bu baxımdan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Heydərli Tural Sahib oğlunun hazırda davam edən məhkəmə prosesi diqqətimizi cəlb etdi. Məlum oldu ki, Tural Heydərli həbs edilməzdən əvvəl biznes ortağı Əliyev Elmar Ziyafət oğlunun barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Lakin nədənsə, hüquq-mühafizə orqanları Tural Heydərlinin şikayətlərini araşdırmayıblar.
Araşdırmalarımız nəticəsində məlum olub ki, Tural Heydərlinin barəsində şikayət etdiyi Əliyev Elmar Ziyafət oğlu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Maliyyə Direktoru vəzifəsində işləyib. Elmar Əliyev hazırda Bakı şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) mühasibidir. Bakı şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru isə mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimovdur. Arif Rəhimov bundan əvvəl “BAKU F1” MMC-nin direktoru olub.
Əliyev Elmar Ziyafət oğlunun barəsində olan ittihamlar isə kifayət qədər ciddidir. Şəriki və qohumluq münasibətləri olan Tural Heydərili BCCOC-un mühasibini əsassız sərvət toplamaqda, çoxsaylı daşınar və daşınmaz əmlaklar əldə etməkdə, onu döyməkdə, hətta prokurorluq orqanlarına təsir göstərməkdə ittiham edir.
Sahibkarın iddialarının kifayət qədər ciddi olduğunu və bu iddialar həqiqəti əks etdirirsə, Azərbaycanın imicinə zərər vura biləcək bu əməlləri törədənlərin cəzalandırılmalı, bu hallara gələcəkdə yol verilməsinin qarşısının alınmalı olduğunu nəzərə alaraq, Tural Heydərlinin 15 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə ünvanlanmış şikayətini olduğu kimi dərc edirik:
“Hörmətli Kamran müəllim!
Hazırkı şikayət ərizəsi ilə bildirirəm ki, mən “SET HOME” MMC-nin təsisçisi və direktoruyam. Bundan əvvəl mən barəsində şikayət etdiyim Əliyev Elmar Ziyafət oğlu ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə “Firstec” MMC-ni təsis etmişik. Həmin şirkət əsasən məişət avadanlıqlarının satışı ilə məşğul olurdu. Əliyev Elmar Ziyafət oğlu münasibətlərimizin normal olduğu vaxtda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün şərikliyə qoyduğu pulların Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Maliyyə Direktoru vəzifəsində işləyərkən topladığını bildirib.
Hazırda ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə tədbirlərinin aparıldığı bir vaxtda Əliyev Elmar Ziyafət oğlunun fəaliyyəti və topladığı sərvətin araşdırılması aparılarsa, onun korrupsiya elementlərinə yol verməsi təsdiqini tapar. Belə ki, Elmar Əliyevə məxsus olan çoxsaylı daşınar və daşınmaz əmlaklar mövcuddur. Həmçinin Elmar Əliyev xarici ölkələrdə xüsusilə də Almaniyada çoxsaylı daşınmaz əmlaklara malikdir. Elmar Əliyevin, həmçinin onun atası Ziyafət Əliyevin məmur olduğu, yəni onların hər ikisinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının qanunla qadağan edildiyi nəzərə alınarsa, bu halda Elmar Əliyevin sərvətini hansı yollarla topladığı məlum olar.
Mən Elmar Əliyevin dövlət əmlakı hesabına varlanması, sərvətini qanunsuz yollarla toplaması, məmur kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə hallarına yol verməsi barədə faktları açıqladıqdan sonra Elmar Əliyev və başının dəstəsi mənə qarşı qanunsuz əməllərə yol verməyə başlayıb. Onlar, mənə fiziki təzyiq göstərməklə onların qanunsuz əməllərini açıqlamaqdan məni çəkindirməyə çalışırlar. Belə ki, Elmar Əliyev və dostları 27 aprel 2020-ci il tarixdə işlədiyim ofisə hücum edərək orada dağıntı törətmiş, eyni zamanda mənə xəsarət yetiriblər. Hazırda həmin faktla bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsində cinayət işinin istintaqı davam edir.
Lakin cinayət işinin istintaqında süründürməçiliyə yol veririlir. Belə ki, Bakı şəhəri Xətai rayon Prokuroru Sərdar İmanov cinayət işinin istintaqına mane olur, istintaqın tamamlanmasına imkan vermir. Sərdar İmanov şəxsi maraqlarını güdərək, Elmar Əliyevin barəsində ittiham aktının tərtib edilməsinə imkan vermir. Odur ki, Sərdar İmanovun qanunsuz hərəkətlərinin araşdırılmasına zərurət var.
Yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri Xətai rayon Prokuroru Sərdar İmanovun qanunsuz əməllərinin araşdırılmasına göstəriş verməyinizi Sizdən təkrar olaraq xahiş edirəm”.
Tural Heydərli ölkə prezidentinə ünvanladığı digər müraciətində Əliyev Elmar Ziyafət oğlunun korrupsiya elementli əməllərini atası Ziyafət Əliyev, qohumları Faiq Əliyev, Əsgər Əliyev, Nurlan Qafarov, dostu Mehdi, qaynatası Altun, həyat yoldaşı Əliyeva Elnurə Altun qızının yaxın qohumları və digər yaxın adamlarının vasitəsilə həyata keçirdiyini iddia edib. Prezidentə ünvanlanmış bu iddialar nə dərəcədə həqiqətdir? Doğurdanmı Əliyev Elmar Ziyafət oğlu prokurorluq orqanlarına təsir imkanlarına malikdir? Elmar Əliyevlə Bakı şəhəri Xətai rayon Prokuroru Sərdar İmanovun əlaqələri varmı? Rayon prokuroru BCCOC-un mühasibini himayə edirmi? Bütün bunlar barədə araşdırmalarımız davam edir.
Əliyev Elmar Ziyafət oğlu və qeyriləri barələrində yazılanlara münasibət bildirə bilər. (Heftelik.az)