"Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir

Türkiyə millisinin oyunçusu Kənan Yıldızla bağlı transfer bazarında canlanma müşahidə olunur.
Press-fakt xəbər verir ki, Avropanın nəhəng klublarından "Real Madrid" gənc futbolçunu heyətinə qatmaq üçün prosesə start verib.
"Yuventus"la yeni müqavilə barədə danışıqlar aparan Kənanın Madrid klubundan cəlbedici maaş təklifi aldığı iddia olunur.
Xəbərdə bildirilir ki, "Qoca sinyora"nın kapitanı və 10 nömrəli futbolçusu statusunda maaşının artırılmasını gözləyən Kənan Yıldız hələ də klubdan arzuladığı təklifi əldə etməyib.
Danışıqların çətin getdiyini görən "Real Madrid" isə agentlər vasitəsilə türkiyəli futbolçuya müsbət mesajlar göndərərək onu transfer etmək istədiyini bildirib.
Qeyd edək ki, hazırda Türkiyə millisinin digər gənc istedadı Arda Güler də "Real Madrid"in heyətində çıxış edir.




















