“Ukraynanın heç bir şansı yoxdur”- “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
Ukraynanın Rusiyaya qarşı hazırkı müharibədə qalib gəlmək üçün "heç bir şansı yoxdur" və bu ölkəyə Avropa İttifaqının (Aİ) əlavə maliyyə dəstəyi verməsi "sadəcə dəlilikdir".
Bunu Macarıstanın Baş naziri Viktor Orban “Politico”-ya deyib.
Nəşr qeyd edir ki, Orbanın açıqlaması yaxın zamanda atəşkəs elan edilməsinə olan ümidlərin azaldığı və Avropanın gələn ilin büdcə böhranından əvvəl Kiyevə maliyyə dəstəyi göstərməyə çalışdığı bir vaxta təsadüf edir.
Nəşrə verdiyi müsahibədə Macarıstanın Baş naziri Ukraynaya maliyyə dəstəyinin Aİ-ni "iqtisadi və maliyyə cəhətdən öldürdüyünü və sadəcə dəlilik olduğunu” bildirib.
Qeyd olunur ki, Macarıstan əvvəllər Rusiyaya qarşı Aİ sanksiyalarının uzadılmasını, eləcə də Ukraynaya maliyyə dəstəyini bloklamışdı. Bundan əlavə, Budapeşt özünün ABŞ-nin iki böyük Rusiya şirkətinə qarşı tətbiq etdiyi neft sanksiyalarından azad edilməsini istəyib və Donald Tramp bununla bağlı Orbana 1 il möhlət verib.
"Biz artıq 185 milyard avro xərcləmişik və daha çox xərcləmək niyyətindəyik. Beləliklə, müharibədə qalib gəlmək şansı olmayan bir ölkəni maliyyələşdiririk", - deyə Orban bildirib.
Macarıstanın Baş naziri həmçinin, Avropa liderlərini sülh müqaviləsi üzrə danışıqlarda daha yaxşı mövqe qazanmaq məqsədilə Ukraynadakı münaqişəni uzatmaqda ittiham edib: "Onlar müharibəni davam etdirmək istəyirlər. Onlar inanırlar ki, Ukraynaya daha çox dəstək vermək üçün müharibəni davam etdirməliyik".
O, bu mövqenin tamamilə səhv olduğuna inanır: "Vəziyyət və zaman ruslar üçün bizdən daha əlverişlidir. Bunu davam etdirməyin; mümkün qədər tez dayandırın".
Sülh danışıqlarına gəldikdə, Orban nəşrə bildirib ki, "ruslar və amerikalılar arasında müharibə, ticarət, enerji və digər məsələlərdə razılaşma olacağını" gözləyir.
O, avropalıların da Rusiya ilə müstəqil ünsiyyət kanalı açmalı olduğunu hesab edir.
Macarıstanın Baş naziri əlavə edib ki, əgər "möcüzə" baş verməsə, Rusiya müharibədən sonra da Şərqi Ukraynanı, xüsusən də Donetsk vilayətini ələ keçirməyə davam edəcək: "Bu, reallıqdır, istəsəniz də, istəməsəniz də".
Eyni zamanda, Orban Rusiyanın başqa bir Avropa ölkəsinə və ya NATO üzvünə hücum edəcəyinə inanmır: "Rusların sadəcə kifayət qədər gücü olmadığı üçün Avropa Birliyinə və ya NATO-ya hücum edəcəklərini demək cəfəngiyyatdır. Biz daha güclüyük"./azpolitika





















