ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR - Maliyyə Nazirliyi treyderi xəbərdar edib
ABŞ rəsmiləri Avropa ölkələrinə səfərləri intensivləşdirib və regionda Rusiyadan gələn enerji resurslarının tam şəkildə bazardan çıxarılmasını fəal təşviq edir. “Financial Times” ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır ki, Vaşinqtonun məqsədi Avropanın enerji sisteminin “rus qazının son molekuladək” təmizlənməsidir.
Nəşrin məlumatına görə, bu kampaniya “Lukoil”in xarici aktivlərini almağa çalışan “Gunvor” şirkətinin cəhdi ilə də üst-üstə düşür. Bildirilir ki, sövdələşmə şirkətin Rusiyayla keçmiş əlaqələri barədə mediada diqqətin artması səbəbindən çətinləşib. ABŞ Maliyyə Nazirliyi treyderə bildirib ki, Ukrayna müharibəsi bitənədək bu fəaliyyət üçün lisenziya verilməyəcək.
Xatırladılır ki, 2014-cü ilə qədər “Gunvor”un şəriki Rusiyanın Prezidenti Vladimir Putinin yaxın dostu hesab edilən Gennadi Timçenko olub. ABŞ-ın ona qarşı sanksiya tətbiq etməsindən bir gün əvvəl Timçenko öz payını isveçli tərəfdaşı Torbjörn Tornkvista satıb. Buna baxmayaraq, şirkətin Moskva ilə mümkün əlaqələri ilə bağlı ABŞ hakimiyyətində illərdir ehtiyatlı yanaşma mövcuddur.
“Financial Times” qeyd edir ki, ABŞ müttəfiqlərindən Rusiyadan enerji idxalını azaltmağı və tam dayandırmağı rəsmi şəkildə tələb edir. ABŞ-ın Daxili işlər naziri Duqlas Börqam bildirib ki, Amerika nümayəndə heyətləri bu məsələnin bütün danışıqlarda gündəmə gətirildiyini vurğulayır.
ABŞ Energetika naziri Kristofer Rayt isə açıqlayıb ki, Avropa İttifaqı 1 yanvar 2027-ci ildən rus qazının idxalını tam dayandıracağını təsdiqləyib. Yalnız Macarıstan bu qərardan qismən istisna alıb, lakin Budapeşt və Vaşinqton həmin istisnanın müddəti ilə bağlı fərqli mövqelərə malikdir.
Rusiya Prezidenti Vladimir Putin də mövzuya münasibət bildirərək deyib ki, Qərb sanksiyaları rus neftinin dünya bazarına tədarükünü azaldacaq və bunun nəticəsində qiymətlərin yüksəlməsinə səbəb olacaq.
Press-fakt





















