“ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
Kopenhagendə Ermənistan və Azərbaycan liderləri "Tramp marşrutu" boyunca elektrik xətlərinin və qaz kəmərinin tikintisini müzakirə ediblər.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən konfransda deyib.
“Gizlətməyəcəyəm, Azərbaycan Prezidenti ilə Kopenhagendə məsələni müzakirə etdik və ilkin olaraq elektrik ötürücü xətti və qaz kəmərinin çəkilməsinin ən tez başa gələn yol olduğu barədə razılığa gəldik”, - deyə Paşinyan bildirib.
Ermənistanın Baş naziri gələcək müzakirələrin daha konkret həllərə gətirib çıxaracağına ümid etdiyini bildirib. Paşinyan əlavə edib ki, layihənin həyata keçirilməsində heç bir maneə yoxdur.
Paşinyanın dediyinə görə, layihə bir neçə dəmir yolunu, elektrik xətlərini və boru kəmərlərini əhatə edəcək ki, bunlara qaz və neft boru kəmərləri, kabellər və əlbəttə ki, digər nəqliyyat əlaqələri və yollar daxil ola bilər: "Burada ən vacib müşahidə və çaşqınlıq, bəlkə də, çoxlarının “Tramp yolu” layihəsinin tək bir ərazidə həyata keçirildiyini təsəvvür etməsidir. Əlbəttə ki, prinsipcə, belə bir layihəni istisna edəcək heç bir hal yoxdur, amma praktikada bunu həyata keçirmək mümkün deyil.
Məsələn, dəmir yolu məsələsində onun haradan keçəcəyini əminliklə deyə bilərik: Sovet dövründə hipotetik Nrnadzor-Karçevan (Nüvədi -Kərçivan) hissələrində mövcud olan cənub dəmir yolumuz. Bu, "Sülh Kəsişməsi" layihəsində deyilir; dəmir yolunun orada tikiləcəyi və bərpa ediləcəyi aydındır".
Ermənistanın Baş naziri TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində Ermənistan və ABŞ-ın birgə şirkət yaradacağını qeyd edib.
O bildirib ki, Ermənistan ABŞ-la Zəngəzurdan keçən "Tramp marşrutu"nun 49 və ya 99 il müddətinə icarəyə verilməsi üçün iki ssenarini müzakirə edir.
Ermənistan baş naziri deyib ki, şərtlər investisiya və onun gəlirliliyi ilə bağlıdır. İnvestor investisiyalarından gəlir əldə edəcəyinə dair zəmanətə malik olmalıdır.
“İnvestor əmin olmalıdır ki, investisiyasından gəlir əldə edəcək. Əgər biz torpaq sahəsini cəmi 5 il müddətinə versək, heç kim investisiya qoymağa cəsarət etməyəcək, çünki bu, maliyyə baxımından qeyri-realdır”, - deyə Baş nazir qeyd edib.
Xatırladaq ki, İlham Əliyevlə Paşinyan oktyabrın 2-də Kopenhagendə görüşüblər. Azərbaycan Prezidentinin rəsmi saytının məlumatına görə, liderlər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilən Vaşinqton Sülh Zirvəsində əldə edilən razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar həmçinin etimad tədbirlərinin həyata keçirilməsini davam etdirmək və qarşılıqlı əlaqələri qorumaq barədə razılığa gəliblər.
Daha əvvəl - 8 avqustda Ermənistan, ABŞ və Azərbaycan liderləri Vaşinqtonda münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar. Ermənistan ABŞ-a Zəngəzur dəhlizi marşrutunun inkişafı üçün eksklüziv uzunmüddətli hüquqlar verməyə razılaşıb. Bu marşrut Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək.
Amerika tərəfi Zəngəzur dəhlizinin tikiləcəyi torpağı infrastruktur və idarəetmədən məsul olan konsorsiuma icarəyə verməyi planlaşdırır./azpolitika





















