"Ölkədə koronavirusla bağlı vəziyyət maksimum həyəcanlıdır"-
Yoşihide Suqa
Yaponiya hökuməti ölkədə koronavirus infeksiyasının yayılması ilə əlaqədar vəziyyətin maksimum həyəcanlı səviyyəyə çatdığını bəyan edib.
Bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa jurnalistlərə bildirib.
“Koronavirusun yayılmasına gəlincə, bu ərəfədə yeni yoluxma hallarının sayı rekord həddi keçib və biz başa düşürük ki, bu, maksimum həyəcanlı həddir”, – deyə Baş nazir bildirib. Y.Suqa qeyd edib ki, bununla əlaqədar Tokio administrasiyasının rəhbərliyinə paytaxt sakinlərinə kütləvi şəkildə kafelərə və restoranlara gedişdən imtina etmələrini tövsiyə etmək tapşırılıb.
Yaponiya hökumətinin başçısı əhaliyə müraciət edərək, onları koronavirusun yayılması ilə əlaqədar mübarizədə fəal iştirak etməyə, tibbi maska taxmağa və sosial məsafəni gözləməyə çağırıb.
Qeyd edək ki, bu ərəfədə Yaponiyada koronavirusa yoluxma hallarının sayı kəskin artıb. İlk dəfə olaraq gündəlik yoluxma sayı 2 min nəfəri ötüb. Mütəxəssislərin rəyinə görə bu statistika ölkədə koronavirusun üçüncü mərhələsinin başladığını deməyə əsas verir.
Yaponiyada koronavirusla əlaqədar vəziyyət məhdudlaşdırıcı tədbirlərin yumşaldılması və ölkədaxili turist səfərlərinə güzəştlərin tətbiq olunmasından sonra gərginləşib. Həmin güzəştlərdən təqribən 30 milyon nəfərin istifadə etdiyi bildirilir./azərtac