Ukraynalı muğamşünas:
“Tarixi günlərdə Azərbaycanda olmağım mənim üçün şərəfdir” - FOTO/VİDEO
Media.Az əslən ukraynalı musiqiçi ilə onun muğamı necə öyrənməsi, ölkəmizdə reallaşdırdığı layihələr barədə söhbət edib.
“Mənim fortepiano müəllimim azərbaycanlı Maya Cəfərova olub. Onun Kanadada öz musiqi məktəbi var. Mən Toronto Konservatoriyasında təhsil alarkən Maya xanımın dərslərində iştirak etmişəm. O, məni Qara Qarayev, Vaqif Mustafazadə, Adil Bəbirov kimi görkəmli Azərbaycan musiqiçilərinin əsərləri ilə tanış edib. Elə o zamandan bəri bu musiqilərə heyran olmuşam”.
“Bu tarixi günlərdə Azərbaycanda olmağım mənim üçün şərəfdir. Fürsətdən istifadə edib, bütün Azərbaycan xalqını böyük qələbə münasibətilə təbrik edirəm. Allah bütün şəhidlərə rəhmət etsin və ailələrinə səbr versin. Müharibə günlərində mən də bütün azərbaycanlılar kimi çox həyəcanlı idim. Mənim yaxınlarım, dostlarım arasında döyüşlərdə iştirak edən insanlar var.
Həm də mənim həyat yoldaşım əslən Qarabağ bölgəsindəndir. Öz elmi işimdə mən Qarabağ, bu torpaqların muğamın beşiyi olması haqqında geniş məlumat vermişəm. Qarabağ muğamın ürəyidir. Əminəm ki, torpaqların geri alınması Azərbaycan mədəniyyətinin inkişafına da müsbət təsir göstərəcək. Mən artıq Qarabağda maraqlı musiqi layihələri təşkil etmək barədə düşünürəm. Bütün dünya Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmalı, bu mədəniyyətin tolerantlıq, dostluq və sülh kimi dəyərlər üzərində qurulduğunu bilməlidir”.