Revanşistlərin Yerevan görüşü bitdi –
Hansı qərara gəlindi?
Ermənistanın paytaxtı Yerevanda ötən gün müxalifət liderlərinin ilk geniştərkibli görüşü baş tutub.
“Qraparak” qəzeti xəbər verir ki, görüşdə eks-prezidentlər Serj Sarkisyan, Robert Koçaryan, Çiçəklənən Ermənistan partiyasının sədri Qaqik Tsarukyan, müxalifətin vahid namizədi Vazgen Manukyan, Vətən partiyasının sədri Artur Vanetsyan və Daşnaksütyun partiyasının Ali Şurasının üzvü İşxan Saqatelyan iştirak edib.
4 saatdan çox davam edən görüşdə Nikol Paşinyanın istefaya göndərilməsi ən əsas hədəf seçilib. Bundan başqa, Vazgen Manukyanın baş nazirliyə vahid namizədliyi təsdiq olunub.
Müxalifətin fasiləsiz mitinq keçirməsi və vətəndaş itaətsizliyi göstərməsi barədə razılıq əldə olunub. Növbədənkənar seçkilərdə iştirak barədə yekun qərar Koçaryanın Moskva səfərindən sonra veriləcək. Amma gələn məlumatlara əsasən, Serj Sarkisyan seçkilərin boykot edilməsinə çağırır.