Məktəblərdən əvvəl metro açılmalıdır:
Avtobsulardakı sıxlıq yoluxmanı artıracaq
Pandemiya şəraitində paytaxt Bakıda sərnişindaşıma bərbad vəziyyətdədir.
Metropolitenin fəaliyyəti məhdudlaşdırıldığı üçün sərnişin avtobuslarında daim sıxlıq müşahidə olunur ki, bu da koronavirusun artmasına əlverişli şərait yaradır.
Fevralın 15-dən V-IX sinif şagirdləri, eləcə də ali, orta və peşə məktəblərində əyani təhsilin bərpa olunması narahatlığı daha da artırıb. Bu, sərnişin sayının yüksək faizlə artması deməkdir. Bu baxımdan da metronun fəaliyyətinin bərpası zəruri hesab olunur.
Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında ötən ilin sentyabrın 15-də təhsil müəssisələri açılan zaman yoluxmanın artdığını xatırladıb:
“Təhsilalanlarımız kütləvi şəkildə dərslərə başladıqları üçün kütləvi yoluxma artmışdı. Fevralın 8 və 15-dən V-IX siniflərdə, ali və orta ixtisas təhsili müəssisələrində əyani tədris prosesi bərpa ediləcək. Hesab edirəm ki, bu qədər insanın hərəkəti ilə ictimai nəqliyyatda sıxlıq yarana bilər.
Ona görə ilk növbədə metronun fəaliyyəti bərpa edilməlidir. Bundan başqa, məktəblərin sıx yerləşdiyi yerlərdə ancaq şagirdlərin hərəkəti üçün məktəbli avtobusları təşkil edilməlidir”.
Kamran Əsədov hesab edir ki, əyani tədrisin bərpası zamanı yoluxma halları nəzarətdə olacaq: “Bundan heç də narahat olmaq lazım deyil. Çünki indi yoluxmuş şəxslər hər hansı yoxlamadan keçmədən rahatlıqla gəzirlər. Amma dərslər bərpa olunarsa, bu nəzarətdə olar. Yoluxmuş şəxslər məktəblərə, universitetlərə, bağçalara gedən zaman müəyyənləşdiriləcək və cəmiyyətdən təcrid ediləcək”.
Qeyd edək ki, bir gün öncə Cebhe.info-ya açıqlama verən həkim terapeft Rasif Bağırov da metronun açılmasını vacib hesab etdiyini bildirib.
“Bakı Metropoliteni” QSC-dən isə Operativ Qərargahdan bununla bağlı quruma hər hansı bir qərarın daxil olmadığı bildirilib.