Aydın Əliyev: “Peyvəndləmə prosesi sürətləndirilməlidir-
əks-təqdirdə..."
“Rəsmi mənbələrin açıqlamasına görə 18 yanvardan 6 fevrala qədər yəni 20 gün ərzində ölkəmizdə 65 000 nəfər Covid-19 xəstəliyinə qarşı peyvənd edilib (yəni hər 10 günə təqribən 32 500 şəxs peyvəndlənib. Bu minvalla 30 günə, yəni 1 aya 97 500 nəfər peyvəndlənəcək).
Kollektiv immunitetin yaranması üçün bundan 100 dəfə çox sayda, yəni 6 500 000 insanın peyvənd edilməsi lazımdır. Əgər 20 gün ərzində 65 000 şəxs peyvənd edilibsə, təqribi hesablasaq onda 200 gün ərzində 650 000 şəxs və 2000 gün ərzində
6 500 000 insan peyvəndlənəcək”.
Globall.az xəbər verir ki, bunu tanınmış həkim, Azərbaycan Həkimlər Birliyi İdarə Heyətinin üzvü Aydın Əliyev öz facebook səhifəsində yazıb.
Aydın Əliyev hesab edir ki, maliyyə israfını aradan qaldırmaq üçün peyvəndləmə prosesi sürətləndirilməlidir.
“2000 gün təqribən 66 ay edir, 66 ay isə 5,5 il edir. Nəzərə alsaq ki, peyvənd edilən insanda yaranan immunitet onu Covid-19-dan cəmi 6 ay qoruyur, sonra o şəxs təkrar yoluxa bilir, o zaman biz 6 ay ərzində təqribən 6 500 000 insana peyvənd etməliyik. 6 ay ərzində bunu edə bilməsək o zaman 7-ci ay ilk ayda peyvəndlənən 97 500 şəxsi yenidən daha 2 doza peyvəndləməliyik, bu da 195 000 doza peyvənd edir.
Yəni 6 ay ərzində 6 500 000 şəxsi peyvənd edə bilməsək, növbəti gecikdiyimiz hər aya görə əlavə 195 000 doza peyvənd almalıyıq. 1 doza sinovac/coronavac peyvəndi 15$-dır, 2 doza 30$, yəni bir şəxsə 2 doza-30$-lıq peyvənd edilməlidir.
97 500•30=2 925 000$= 4,972,500 AZN və ya 195 000•15=2 925 000$=4,972,500 AZN.
Gecikdiyimiz hər ay üçün dövlət büdcəsindən təqribən 5 000 000 AZN əlavə pul xərcləməliyik. 5 ildə 60 ay var, 60•5 000 000=300 000 000 AZN, böyük məbləğdir.
Ona görə də peyvəndləmə prosesini sürətləndirmək, qısa müddət ərzində daha çox sayda əhali kəsimini peyvənd etmək daha məqsədəuyğun olar və karantin rejimləri daha tez bitər, fəaliyyəti dayandırılmış sahələrin fəaliyyəti daha tez bərpa ediılər. Bunun üçün həm də əhali olaraq peyvəndlənmə üçün daha çox müraciət etməliyik”-deyə, həkim bildirib.