ABŞ Senatı Trampın impiçmentinin konstitusion olduğunu tanıyıb
Bu barədə
Səsvermənin nəticəsinə əsasən 56 senator eks-prezidentin impiçmentini konstitusion proses adlandırıb, Senatın 44 üzvü bunun əleyhinə çıxıb. Sənədin lehinə səs verənlər arasında Trampın üzvü olduğu Respublikaçılar Partiyasının altı nümayəndəsi də var. Bunlar Bill Kessidi, Syuzan Kollinz, Liza Murkovski, Mitt Romni, Ben Sasse və Pet Tumidir.
Ötən ayın sonunda respublikaçı senator Rend Pol artıq bu məsələ ilə bağlı səsvermə təşəbbüsü ilə çıxış edib. Həmin vaxt 55 senator impiçmenti qanuni proses kimi tanıyıblar. Onlar arasında beş respublikaçı da vardı. Senatorlardan 45-i impiçmenti qanunsuz elan edib.
Daha əvvəl ABŞ Konqresi Senatındakı demokrat çoxluğun və respublikaçı azlığın liderləri - Çak Şumer (Nyu-York ştatından) və Mitç Makkonnell (Kentukki ştatından) qanunverici orqanın yuxarı palatasında Donald Trampın impiçmenti prosedurunun keçirilməsi formatı üzrə razılığa nail olublar.
Tramp yanvarın 6-da Vaşinqtonda baş verən qarışıqlıqlara təhrikçilikdə ittiham edilir.