Çin və Hindistan arasında buzlar əriməyə başlayır
Çin Yeni Dehlinin BRICS zirvəsinə ev sahibliyini dəstəkləyir.
Xarici KİV-lər xəbər verir ki, Çin Xalq Respublikasının lideri Si Cinpin zirvə görüşündə iştirak etmək üçün bu il Hindistana səfər edə biləcək.
Həqiqi Nəzarət Xətti (LAC) boyunca yaranan qarşıdurma səbəbindən Hindistan və Çin arasında bir neçə ay davam edən gərginlikdən sonra Pekin Hindistanın bu il BRICS zirvəsinə sədrliyini dəstəklədiyini bildirib. BRICS - inkişaf etməkdə olan iqtisadiyyatları qruplaşdıran beş inkişaf edən ölkədən - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından ibarət olan qrupdur.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin keçirdiyi mətbuat konfransında Si Cinpinin zirvə görüşündə iştirakı və sərhəd gərginliyinin onların çoxtərəfli əməkdaşlığına təsir edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib ki, BRICS nüfuzlu bir qrupdur, Çin BRICS mexanizminə böyük əhəmiyyət verir və ölkəsi bu göruşə Hindistanin ev sahibliyini dəstəkləyir: "Çin iqtisadiyyat, siyasət və insanlar arasında mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsində Hindistan və digər BRICS ölkələri ilə birlikdə çalışmağa hazırdır".
Bu, hər iki ölkənin Panqonq Gölü ətrafından qoşunlarını danışıqlar yolu ilə çıxarılmasından bir gün sonra baş verib. Çin və Hindistan əlaqələrini davam etdirməyə və Həqiqi Nəzarət Xətti (LAC) boyunca qalan məsələlərin qarşılıqlı məqbul həllini tapmağa razılaşıb.
Xatırladaq ki, Çin ordusunun atdığı addımlar səbəbindən keçən ilin aprel-may aylarından bəri LAC boyunca iki ölkə arasında qarşıdurma yaşanıb. Bununla bağlı bir neçə dəfə hərbi və diplomatik danışıqlar aparılıb.
2017-ci ildə Doklam yaylasında Çin və Hindistan qoşunları arasında 73 günlük qarşıdurmadan qısa müddət sonra Baş nazir Narendra Modi Çinin ev sahibliyi etdiyi BRICS zirvəsinə qatılıb. Daha sonra cütlük iki qeyri-rəsmi zirvədə bir araya gələrək ikitərəfli gərginliyi azaltmaq və şəxsi münasibətləri qurmaq səylərini nümayiş etdirib.