Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olub
Bu gün yanvarın 27-də günorta saatlarında Əfqanıstanın Qəzni vilayətində qəzaya uğrayan təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olduğu təsdiqlənib. Bu barədə anonim amerikalı mənbə “Reuters”ə bildirib.
Mənbə əlavə edib ki, təyyarənin “düşmən hərəkəti nəticəsində” düşdüyü barədə fakt aşkar edilməyib. Məmur təyyarədə 10-dan az adam olduğunu bildirib, lakin Pentaqon itkilər barədə informasiya verməkdən imtina edib.
Bundan əvvəl “Taliban” hərəkatı Amerika təyyarəsinin vurulmasına görə məsuliyyəti üzərinə götürmüşdü. Hadisə yerindən çəkilmiş fotolara əsasən söhbət USAF E-11 BACN təyyarəsindən gedir. Bu təyyarə dağlıq ərazilərdə hava rabitə qovşağı kimi istifadə edilir. Təyyarə “Taliban”ın nəzarətində olan ərazilərə düşüb və NATO hərbçiləri hadisə yerinə çata bilməyiblər.
Qəzni vilayətinin quberantoru Vahidulla Kalimzayın bildirdiyinə görə, yerli sakinlər qəzaya uğrayan təyyarədən pilotu çıxarıblar. Həmin pilot xarici vətəndaş olub.
Xatırladaq ki, əvvəlcə Əfqanıstanda sərnişin təyyarəsinin qəzaya uğradığı bildirlirdi. Lakin daha sonra bu məlumat təsdiqini tapmayıb.