Erməni hərbçini Bakı həbsxanasından 15 min dollara “çıxarmaq” istədi -
Atasına dedi ki…
Dağlıq Qarabağdakı döyüş əməliyyatları zamanı itkin düşən G.A adlı əsgərin atasından rüşvət alan dələduz saxlanılıb.
Turkustan xəbər verir ki, V.G. çağırışçının Qarabağdakı müharibə zamanı itkin düşdüyünü öyrənərək 2021-ci ilin yanvarında onun atası ilə əlaqə qurub.
Dələduz əsgərin atasına oğlunu Azərbaycandan qaytaracağını vəd edərək 15 min dollar istəyib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti mətbuat mərkəzindən bildirilib ki, V.G. əsgər atasına guya xarici ölkələrdə əlaqələri olduğunu və oğlunun harada saxlandığını aydınlaşdırdığını söyləyib (verdiyi məlumata görə, erməni əsgər guya Azərbaycan həbsxanalarından birindədir).
O, eyni zamanda, əsgərin üçüncü bir ölkə vasitəsilə vətəninə dönməsini təşkil etmək üçün 30 min dollara ehtiyac olduğunu deyib. Cinayətkarın iddiasına görə, guya bu məbləğin 15 min dolları “Ağ Xaç” təşkilatı tərəfindən ödənilib. Qalan 15 mini əsgərin atası tərəfindən qarşılanmalıdır. İzlərini örtmək üçün V.G. əsgər atasına pul köçürməsini kredit verilməsi kimi rəsmiləşdirməyi təklif edib.
O, dələduzluq yolu ilə 15 min dollar alıb, bundan dərhal sonra Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulub.
Qeyd edək ki, bu, Qarabağ müharibəsindən sonra Ermənistanda ilk belə hadisə deyil.