İlham Əliyev YAP-a cari rəhbərliyi bu şəxsə həvalə etdi
Yeni Azərbaycan Partiyasında (YAP) yeni struktur – partiyanın Mərkəzi Aparatı yaradılıb.
Tahir Budaqov YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
Globall.az xəbər verir ki, Tahir Budaqov 1965-ci il yanvarın 1-də Azərbaycan Respublikası Naxçıvan MR-in Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.
1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.
1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini, 2009-2015-ci illərdə isə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri vəzifəsinə təyin edilib.
3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının idarə heyətinin sədridir. 18 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.