Ter-Petrosyan hərbi çevrilişə qarşı çıxdı - "Bir sıra siyasətçilərin addımları pislənməyə layiqdir"
Ermənistanın birinci prezidenti, Erməni Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan ölkədə cərəyan edən hadisələrə münasibət bildirib.
O, erməni mətbuatında dərc olunan məqaləsində bildirib ki, ölkənin hərbi komandanlığının narazılığını və ordunun mövqeyini tam anlayır: “Ali hərbi komandanlıq heyətinin narazılığı və ordunun onun kompetensiyasında olmayan siyasi proseslərə müdaxiləyə canatımını başa düşürəm. Bunun səbəbi baş nazirin alçaldıcı məğlubiyyətə görə öz günahını ordunun üstünə yıxmaq üçün etdiyi ehtiyatsız cəhd olub”.
Ter-Petrosyan ordunun bir sıra qüvvələrin antikonstitusiya hərəkətlərinə təhrikedici çağırışlarına rəğmən təmkinli davranışını alqışladığını qeyd edib.
EMK lideri belə mövqeyi ordu rəhbərliyinin dövlətçilik maraqları ilə düşünməsi və ölkəni ölümcül sarsıntılardan qorumaq istəyi kimi qiymətləndirib.
O bildirib ki, hərbi komandanlıq və ordu buna görə xalqın təşəkkürünə layiqdir: “Eyni zamanda hərbi çevrilişin dövlətin sağlamlaşdırılması üçün müsbət vasitə olduğunu təlqin edən və bunu Şimali Koreya, Misir kimi ölkələrin timsalında uğurlu nümunələrlə əsaslandıran bir sıra siyasi xadimlərin hərəkətlərini son dərəcə təhlükəli və pislənməyə layiq hesab edirəm. Belə misallar var.
Amma onlarca başqa hallarda permanent şəkil alan hərbi çevrilişlər dövlətçiliyin məhvinə və Əfqanıstan, Sudan, Nikaraqua, Haiti, Dominikan Respublikası, Liviya, Somali, Yəmən, İraq, Suriya və Livan kimi ölkələrdə xalqların uzunmüddətli iztirablarına səbəb olub...”
Ermənistanın birinci prezidenti vurğulayıb ki, hazırda bütün erməniliyin vəzifəsi Ermənistanın adını çəkdiyi ölkələrın cərgəsinə qoşulmasının qarşısını almaqdır.
Oxunub: 382
Xəbəri paylaş
Paylaş: