Naxçıvanda iri məmur olmaq:
Əhməd Əhmədov niyə həbs edildi?
Artıq bir həftədir ki, Naxçıvan sabiq MR Daxili İşlər naziri Əhməd Əhmədovun saxlanıldığı xəbəri yayılmışdı. Bu gün isə onun həbs olunduğu, barəsində 4 aylıq göz altında tutulmaq hökmü verildiyi bildirilir.
Ovqat.com-un etibarlı mənbəyə istinadən verdiyi məlumata görə, sabiq nazir korrupsiya və rüşvətxorluqda ittiham olunur. Ona Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən ən ağır cəza veriləcəyi gözlənilir.
Əhməd Əhmədovun tutulma şəkli və kobudluqla Naxçıvana aparılması da bu ehtimalı qüvvətləndirir. İddialara görə, sabiq naziri həbs etmək üçün Muxtar Respublikadan xüsusi polis dəstəsi göndərilib. Onu Bakıxanovda yerləşən obyektlərindən birində həbs edib qolunu qandallayıblar. Bildirilir ki, qandallama hadisəsi xüsusi bir mesajdır və Əhməd Əhmədova ən ağır cəzanın veriləcəyinə dəlalət edir.
Sabiq naziri korrupsiyada və rüşvətxorluqda günahlandırsalar da, əslində onu adi bir səbəbə görə tutublar. Bildirilir ki, Əhməd müəllim yaxın çevrəsində Naxçıvan rəhbərliyinin ona “yenidən işə qayıtması üçün yalvardığını”, onun isə bu “yalvarışlara” müsbət cavab vermədiyini deyirmiş.
Sözsüz ki, bu sözlər sadəcə keyf havasına da deyilə bilər. Fəqət “yaxın çevrəsindəki” bəzi şəxslərin özlərini “xan” yanında şirin salmaq üçün “xəbərçiliyi” Əhməd Əhmədovun taleyini müəyyənləşdirib. Onu “nə danışdığını bilmədiyi” üçün dərhal göz altına alıb Naxçıvana gətirmək qərarı çıxarılıb. Qoluna işçilərin yanında qandal taxılması isə kimlərəsə “xan heç kimə yalvarmaz, sadəcə təklif edər, təklifi geri çevirənlərin sonu isə Əhməd Əhmədovunku kimi olar” mesajını vermək üçün imiş.