ABŞ Əfqanıstan üzrə görüş keçirəcək -
Türkiyədə
Birləşmiş Millətlər Təşkilatının (BMT) çətiri altında Əfqanıstan üzrə beynəlxalq konfrans martın 27-də Türkiyədə keçiriləcək. Bu barədə martın 10-da Əfqanıstan KİV-ləri taliblərə yaxın mənbələrə istinadla yazıblar.
ABŞ-dakı spikerlər hələ ki, bu tarixi təsdiqləməyiblər, Əfqanıstan hökuməti də bu informasiyanı şərh etmir. Amma Ankara bəyan edib ki, Türkiyə Əfqanıstanda və bölgədə sülhün əldə olunması istiqamətindəki vasitəçi səylərdə iştirak etməyə hazırdır.
«Əfqanıstan bizim üçün çox əhəmiyyətli ölkədir - «Anadolu» agentliyi Türkiyənin Ədalət və İnkişaf Partiyasının mətbuat katibindən sitat gətirir - Türkiyə Əfqanıstanda və bölgədə sülhün yaradılması istiqamətindəki bütün vasitəçi səylərdə iştirak etməyə hazırdır».
Xəbər verildiyi kimi, «Taliban» liderinin və rəsmi Kabilin nümayəndəsi arasında BMT-nin vasitəçiliyi ilə konfransın keçirilməsi ABŞ dövlət katibi Entoni Blinken tərəfindən təklif olunub. Əfqanıstan prezidenti Əşrəf Qaniyə ünvanlanan məktubun surəti Milli barış üzrə Ali Şuranın sədri Abdulla Abdullaya və bir sıra digər nüfuzlu əfqan siyasətçilərinə göndərilib. Ancaq Blinken Qani qarşısında qəbuledilməz şərt irəli sürüb - taliblərin müvəqqəti keçid hökumətində təmsil olunmalarını istəyib.
Bu arada Kabil təsdiqləyib ki, martın 18-də Rusiya Moskvada Əfqanıstan sülh prosesi üzrə öz görüşünü keçirməyi planlaşdırır. Görüşdə taliblərdən başqa açar siyasi liderlərin (Əşrəf Qani və Abdulla Abdulla da daxil olmaqla) iştirakı nəzərdə tutulur. Məlumatlı mənbələrin bildirdiyinə görə, Moskva görüşündə Çinin, ABŞ-ın və Pakistanın nümayəndələri iştirak edəcəklər.