"Qeyd-şərtsiz qadağa" -
İran ABŞ-a bomba ilə raketin fərqini izah edib
İranın atom enerjisi üzrə Təşkilatının (İAET) başçısı Əli Əkbər Salehi Amerikanın ictimai telekanalına (PBS) müsahibəsində bəyan edib ki, İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneinin ölkədə nüvə silahının yaradılması barədə «fətvası» Tehranın qəti mövqeyidir.
Bu barədə martın 10-da «İRNA» dövlət informasiya agentliyi xəbər verib.
Salehi İranın rəsmi şəxslərinin tez-tez təkrarladığı müxtəlif bəyanatların üzərində ətraflı dayanıb ki, İran İslam Respublikasının nüvə proqramı yalnız dinc məqsədlər güdür və bu fakt əsasında İranın atom bombası yaratması bir neçə il əvvəl dövlət başçısı tərəfindən dərc olunmuş dini dekretlə qadağan edilib.
Bu məsələdə son sözü İslam Respublikasının dini lideri Seyid Əli Xamenei deyib. O, ölkədə nüvə silahı yaradılması üzərinə «qeyd-şərtsiz qadağa» qoyub. Məmur qeyd edib ki, ona görə də daha bu istiqamətdə söhbətlərə yer yoxdur.
«Hər kəs öz fikirləri, mentaliteti və arzusu barədə danışa bilər, ancaq praktikada biz, dini fərmana uyğun fəaliyyət göstərməliyik» - o, qeyd edib.
Telekanalın reportyoru həm də maraqlanıb ki, nə üçün atom bombaları İranda dini mülahizələrdən dolayı qadağan edilib, amma uzaq mənzilli ballistik raketlər yox?
«Uzaq mənzili raketlərin böyük əksəriyyəti məhv olunası müəyyən obyektlərə tuşlanıb, ancaq Birləşmiş Ştatların Xirosima və Naqasakidə istifadə etdiyi kimi atom bombaları bir neçə saniyə ərzində 200 min insanın həyatına son qoyub və hələ də yaponiyalıların bugünkü nəslinə təsir göstərir» - Salehi cavab verib.