“Rusiyanın Gürcüstanın NATO üzvlüyünü bloklamaq ixtiyarı yoxdur”-
Stoltenberq
NATO Gürcüstanın alyansa birləşmək cəhdlərini dəstəkləyir və bu yolda ona kömək edir, Rusiya isə onun Şimali Atlantika Alyansına üzvlüyünü bloklamaq hüququna malik deyil. Bu barədə NATO Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib.
«NATO-nun qapısı açıqdır və bu, biz Çernoqoriyanı və Şimali Makedoniyanı cəmi bir neçə ildə alyansa qəbul edən zaman aydın oldu. Bu, onu göstərir ki, alyans yeni üzvlər qəbul etməyə hazırıdır və bu, sadəcə nəzəriyyə yox, reallıqdır. Bu, o vaxt baş verir ki, NATO-nun bütün üzvləri razılaşır və aspirant-ölkə standartlara cavab verir.
Bu yaxınlarda mən Gürcüstanın Baş naziri ilə görüşdüm və bildirdim ki, NATO Gürüstanın alyansa daxil olmaq cəhdlərini dəstəkləyir. Biz, bu yolda Gürcüstanı dəstəkləyirik. O cümlədən, islahatları və demokratik institutları dəstəkləməklə» - Baş katib qeyd edib.
Eyni zamanda, NATO Baş katibinin sözlərinə görə, o, bütün NATO üzvləri adından danışa bilməz və səbirsizliklə Brüsseldə Amerika Birləşmiş Ştatlarının dövlət katibi ilə görüşməyi gözləyir.
«Bizim müzakirə edəcəyimiz suallardan biri də Rusiya olacaq. Rusiya dəfələrlə bəyan edib ki, ölkələrin NATO-ya üzvlüyünü bloklamaq hüququna malikdir. Sonuncu dəfə biz bunu Bosniya və Hersoqovina hadisəsində gördük. Bir daha deyirəm, heç bir ölkə, NATO üzvlərindən və namizəd ölkələrdən savayı, bu və ya digər ölkənin NATO-ya daxil olmaması barədə qərar qəbul etmək hüququna malik deyil. Bu, Gürcüstana da aiddir. Gürcüstan öz yolunu seçmək üçün suveren hüquqa malikdir. Başqa heç kimin bu demokratik prosesə müdaxilə etək hüququ yoxdur» - Stoltenberq bəyan edib.
Brüsseldəki mətbuat konfransının gedişində Baş katib jurnalistlərə danışıb ki, alyans üzvü olan ölkələrin xarici işlər nazirləri martın 23-24-dəki ikigünlük görüşdə bu mövzunu müzakirə edəcəklər.