"Rəsulzadənin tarixi xidmətlərini danmağa meyl edirlər, amma tarix belə şeyləri sevmir"
Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli Azərbaycanın Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 136-cı illiyi haqda danışarkən deyib.
Q.Məhərrəmli Rəsulzadənin təbliğatının yüksək səviyyədə olmasının vacibliyini vurğulayıb:
“M.Ə.Rəsulzadə bizim son yüz illik tariximizin ən görkəmli şəxsiyyətlərindən biridir. Azərbaycanın istiqlal tarixinin simasıdır, müstəqil Azərbaycanın ilk dövlət başçısıdır, Milli Şuranın sədridir, Azəbaycan istiqlal məfkurəsini ömrünün sonuna qədər yaşadan insandı. Hesab edirəm ki, özündən sonrakı nəsillərin ona böyük ehtiramı var və bu da onunla bağlıdır ki, istənilən millətlərin tarixində bu cür siyasi düşüncəni öz fəaliyyətində və yaradıcılığında ifadə edən şəxsiyyətlər olub. Rəsulzadə də məhz həmin böyük şəxsiyyətlərdən biridir. Təəssüf ki, son günlər bizim cəmiyyətimizdə Rəsulzadəyə qarşı çox əsassız bir qısqanclıq var, onun tarixi xidmətlərini danmağa meyl edirlər, amma tarix belə şeyləri sevmir. Ümumiyyətlə, tarix qərəzi, şişirtmələri, mübaliğələri sevmir, tarix olduğu kimidir. Ona görə də Rəsulzadənin bu xalqın taleyində, müstəqil düşüncəsində, müstəqil dövlət qazanmasında xidmətləri misilsizdir. Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur, ideoloqudur, öz məsləkdaşları ilə birlikdə bu cümhuriyyəti qurub, onu iki il yaşadıb və ömrünün sonuna kimi də Azərbycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb və bu düşüncəni nəsillərdən-nəsillərə ötürüb.
Ona görə də biz Rəsulzadəyə öz borcumuzu verməliyik, onun abidəsin qoymalıyıq, ev muzeyini yaratmalıyıq. Çox sağ olsun, ölkə başçısının Cümhuriyyərin yüz illiyi ilə bağlı verdiyi sərəncamı bu cəmiyyətdə bəzi tərəddüdlərə son qoydu. Hamı Rəsulzadə haqqında fikirlərini daha açıq şəkildə ifadə edir, onun haqqında tədqiqatlar meydana çıxır, ekran əsərləri yaranır. Bunların hamısı şübhəsiz ki, erəkaçan tendenasiyadır. Amma bütün bunların hamısı azdır, çünki bir xalqın tarixində bu miqyasda şəxsiyyətin olması, o şəxsiyyətə olan ehtiramı da özündə əks etdirməlidir. Rəsulzadəylə bağlı bizim cəmiyyətin özünün konsepsiyası olmalıdır, cəmiyyət ona istiqlalı vermiş, müstəqil dövləti yaratmış insan haqqında həqiqətləri bilməlidir. Onun üçün də Rəsulzadənin təbliğatı lazım olan səviyyədə olmalıdır. Bəzən isə bizim mediamız o səviyyədə bu işləri edə bilmir. Əslində bizim Rəsulzadəyə münasibətimiz, onu dəyərləndirməmiz, bir şəxsiyyətə olan münasibət yox, bütün cümhuriyyət nəslinə, böyük bir ideyaya olan münasibətdir. Ona görə biz əməlimizdə də çox ardıcıl və sistemli olmalıyıq”.
Qeyd edək ki, bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. O, 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib.
Vasif Əlihüseyn