Bakıda evi tərk edən daha 7 koronavirus xəstəsi saxlanıldı
Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları paytaxt ərazisində, eləcə də bölgələrdə nəzarət - profilaktik tədbirləri davam etdirirlər.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 28-də və 29-da paytaxtın Qaradağ, Yasamal və Xətai Rayon Polis idarələrinin əməkdaşları tərəfindən həmin rayonların ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub.
Onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.