"Gündəlik 100-ə yaxın müəllim və məktəb personalı koronavirusa yoluxur"-
Nazirdən açıqlama
"Mövcud qaydalara görə sinifdə bir yoluxma varsa, həmin sinif, yox əgər məktəb daxilində bir neçə müəllim və şagird yoluxarsa, o zaman məktəb distant təhsilə keçir".
Bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.
“Bir müəllimin daha çox sinfə girməsi və daha çox şagirdlə ünsiyyətdə olması yoluxma sayını kəskin artırır. Bununla da məktəbin böyük hissəsinin karantinə alınması ehtiyacını yaradır. Bu səbəbdən də məktəblər distant təhsilə keçir. Biz martın 29-dan tədrisə başladıqdan sonra cəmi 3 gün ərzində ölkə üzrə 61 ümumtəhsil məktəbinin fəaliyyətini distant təhsilə keçirmək məcburiyyətində olduq. Onlardan 24-ü Bakı, 3-ü Sumqayıt, 5-i Şəki məktəbi olub”, - nazir bildirib.
"Növbəti həftələrdə koronavirusa yoluxmanın hansı vəziyyətdə olacağı ilə bağlı qeyri-müəyyənliklə üz-üzəyik" - deyə, Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən bildirib.
“Hazırda ölkədə gündəlik təxminən 2 400 yoluxma var. Bu yoluxma halları fonunda bəzi insanlar uşaqların və müəllimlərin məktəbə getməsinin tərəfdarıdır. Bu, normaldır, amma yoluxma çox olduğu halda məktəblər açıq ola bilməz. Bu aylar ərzində bilirik ki, gündəlik yoluxmaların təxminən 4-6 faizi müəllimlər olub. Təbii ki, yoluxmaların hər biri məktəbdə baş vermir. Bu yoluxmalar ailədaxili, nəqliyyatda və başqa yerlərdə baş verir. Gündəlik təxminən 100-ə yaxın müəllim və məktəb personalı koronavirusa yoluxur. Bunun da 80 faizi Bakı, Sumqayıt və Abşeronun payına düşür”, - nazir əlavə edib.