Çinin Xarici İşlər naziri İ:
“Pekin Vaşinqtonun birtərəfli tələb və şərtlərini qəbul etməyəcək”
ABŞ və Çin arasında bir sıra problemlər üzündən artan gərginlik fonunda Pekin Vaşinqtona qlobal məsələlərdə hökmranlıq etməmək və son söz sahibi olduğunu düşünməmək barədə xəbərdarlıq edib.
Bunu Çin Xalq Respublikasının Xarici İşlər naziri Van İ mətbuata açıqlamasında deyib.
Çinin Vaşinqtonun Pekinlə danışıqlar üçün birtərəfli tələblər siyahısını qəbul etməyəcəyini deyən V.İnin sözlərinə görə, Çinlə dialoq qapısı açıqdır, amma bu dialoq bərabər hüquqlar əsasında və qarşılıqlı hörmətlə aparılmalıdır: “Çin dünyada özünü başqalarından üstün tuta biləcək hər hansı bir millətin olması və hər hansı bir millətin beynəlxalq məsələlərdə son söz sahibi olacağı ilə razılaşmayacaq. ABŞ qarşıdurmaya davam edərsə, Çin bunu qorxmadan, sakit qəbul edəcək”.
Van İ hər iki tərəfin bir-birinin əsas narahatlıqlarını nəzərə almalı olduğunu və Çinin Vaşinqtonun birtərəfli tələb və şərtlərini qəbul etməyəcəyini vurğulayıb: “Biz Çinin daxili işlərinə kobud müdaxilənin əleyhinəyik və yalan məlumatlar əsasında tətbiq olunan qanunsuz birtərəfli sanksiyalara qarşıyıq.”
Çinin Xarici İşlər naziri daha sonra deyib ki, ölkəsi ilə ABŞ regional mövzularda daha çox dialoq aparmalıdır və pandemiya ilə mübarizədə əməkdaşlıq etmək lazımdır. Onun sözlərinə görə, Çin inkişaf etməyə və güclənməyə davam edəcək. Bu, bölgədəki ölkələrin uzunmüddətli maraqlarına, ümumi istəklərinə uyğundur və bu tendensiyaya qarşı dayanmaq olmaz.
Müşahidəçilər deyir ki, rəsmi Pekin, keçmiş prezident Donald Trampın dövründə ciddi şəkildə pozulmuş ABŞ-Çin əlaqələrini yaxşılaşdırmağa çalışır. Qeyd olunur ki, Alyaska zirvəsindən sonra Çin ilə ABŞ arasındakı münasibətlər pisləşib və ölkələr arasında gərginlik artıb.
Xatırladaq ki, Vaşinqton Sincanda insan haqlarının pozulduğuna görə Çin rəsmiləri və təşkilatlarına qarşı əlavə sanksiyalar tətbiq edib. Həmçinin, hər iki ölkə mübahisəli Şərqi və Cənubi Çin dənizlərində hərbi iştiraklarını artırıb./azpolitika