“Qara dənizdə iştirakımız daimidir və müzakirə olunmur” -
Pentaqon
Amerika Birləşmiş Ştatları (ABŞ) Qara dənizdə müntəzəm iştirakı dəstəkləyir, gələcəkdəki istənilən əməliyyatlar isə müzakirə olunmur.
Bu barədə aprelin 9-da ABŞ hərbi-dəniz qüvvələri (HDQ) 6-cı donanmasının rəsmi nümayəndəsi Kayl Reyns bəyan edib. Avropa bu donanmanın operativ məsuliyyət zonasına daxildir.
«Amerika gəmiləri Qara dənizdə müntəzəm iştirakı dəstəkləyirlər və Montryö konvensiyasına riayət edirlər. Həyata keçirilən siyasət çərçivəsində biz, gələcək əməliyyatları və ya gəmilərin qrafiklərini müzakirə etmirik» - amerikalı nümayəndə qeyd edib. Beləliklə, Reyns ABŞ HDQ gəmilərinin gələn həftə Bosfor boğazından Qara dənizə keçəcəyi və mayın 4-nə qədər orada qalacağı barədə informasiyanı şərh edib.
Bundan əvvəl Vaşinqton gəmilərin Bosfordan keçməklə, Qara dənizə göndəriləcəyi barədə Ankaranı 15 gün əvvəldən xəbərdar etmişdi. Türkiyənin NTV telekanalının məlumatına görə, söhbət «Roosevelt» və «Donald Cook» esmineslərindən gedir. Ankara da Montryö konveniyasının bütün üzvlərinə ABŞ gəmilərinin Aralıq dənizindən Qara dənizə gələcəyi və geriyə qayıdacağı barədə məlumat verib.