"Belə məmurlar aparılan islahatlara maneədir" -
Daha bir namizəd Prezidentə müraciət etdi
107 saylı Qazax seçki dairəsindən namizədliyini irəli sürən jurnlaist Sevinc Kərimova Prezident İlham Əliyevə yerli məmurlardan şikayət edib.
Bu barədə Globall.az-a açıqlama verən Sevinc Kərimova deyib ki, yerli icra nümayəndələri 9 fevral seçkiləri ilə bağlı xalqda inamsızlıq yaratmağa çalışırlar:
"Onlar bu məqsədlərinə nail olmaq üçün bütün güclərini səfərbər ediblər. Guya YAP-ın namizədinin seçilməsi üçün yuxarıdan tapşırıq verilməsi fikrini yerli əhaliyə aşılayaraq, onlar da seçkilərin şəffaf keçirilməsinə dair şübhələr yaradır, seçicilərin seçkilərə getmək, öz namizədlərinə səs vermək istəklərini yalan informasiyalarla "öldürməyə" çalışırlar.
Hətta açıq bəyan edirlər ki, məktəblər və büdcədən maliyyələşən bir sıra idarə və müəssisələr saxtakarlıq aktını reallaşdırmaq üçün səfərbər olunub.
Ona görə, cənab Prezidentə müraciət edib, bildirdim ki, parlamentin buraxılması və erkən seçkilər keçirilməsi ilə baglı qərarınız xalq tərəfindən yeniləşməyə, islahatlara çox böyük inam formalaşdırıb. Həqiqətən bu islahatlar camaat arasında böyük sevinclə qarşılanıb. Ancaq çox təəssüf ki, əyalətdəki kiçik məmurlar bu siyasətə kölgə salmağa çalışır, insanların ümiudlərini qursaqlarında qoymağa çalışırlar".
Namizəd bildirib ki, o, Prezidentə güvənir: "Mən, yeniləşmə siyasətinin tərəfdarı və Prezidentin siyasətinin aktiv dəstəkçisi olaraq, köhnə təfəkkürlü məmurların seçki prosesinin üzərinə cüzi də olsa, kölgə salmalarını qəbul edə bilmirəm. Əminəm ki, Prezidentin belə məmurların "xidmət"lərinə zərrə qədər ehtiyacı yoxdur. Əksinə, belə məmurların aparılan islahatlara maneə olduğunu düşünürəm. O üzdən əminəm ki, həddini aşan məmurlarla bağlı müvafiq ölçülər götürüləcək".
Xatırladaq ki, bu dairədən YAP-ın namizədi deputat Səməd Seyidovdur.